Xəbərlər

AVARÇƏKƏNİMİZ  İTALİYADA QIZIL MEDAL QAZANDI

02 aprel 2023 351

Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb. İdmançımız bu uğura 31 mart – 2 aprel tarixlərində İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında imza atıb.

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Diana bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Olduqca gərgin keçən final yürüşündə isə idmançımız ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.

Finişə 3-cü çatan özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə ayırıb.