Xəbərlər

Azərbaycan Kubokunun dördüncü mərhələsi keçirilib

16 aprel 2023 438

Aprelin 15-16-da şose velosipedi üzrə Azərbaycan Kubokunun dördüncü mərhələsi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda (İsmayıllı - Qaraməryəm - İvanovka yolu) baş tutan yarışın ilk günündə idmançılar qrup ötüşməsi, ikinci günündə isə fərdi ötüşmə növündə güclərini sınayıblar.

 

Ümumilikdə 51 velosipedçi medallar uğrunda mübarizə aparıblar.

 

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar qrup ötüşməsində 100 km, fərdi ötüşmə növündə 25 km, yeniyetmə oğlanlar və qadınlar isə qrup ötüşməsində 50 km, fərdi ötüşmə növündə 10 km məsafə qət ediblər.

 

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə (qrup ötüşməsi) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN, 02:41:12), yeniyetmə oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 01:38:07), qadınlar arasında Lalə Əbdürəhmanova (ROEQİUGVM, 01:45:52) bütün rəqiblərini geridə qoyaraq birinci yerdə qərarlaşıblar.

 

İkinci yarış günündə isə (fərdi ötüşmə) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında yenidən Musa Mikayılzadə (MSN, 37:32:48), yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov (Təhsil RİM, 16:15:33), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM, 17:12:23) qızıl medal qazanıblar.

 

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.