Xəbərlər

Bakı2015 Avropa Oyunlarının sosial idman irsi olan “Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində ölkə əhalisi sağlam və aktiv həyata cəlb edəcəkdir

17 aprel 2015 337

17 Aprel 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirlyi,Gənclər və İdman Nazirliyi, həmçinin Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı Coca-Cola şirkəti arasında Bakı 2015 Avropa Oyunlarının sosial idman irsi olaraq sağlam və aktiv həyat tərzinin təbliğinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı.

Anlaşma memorandumuna əsasən Coca-Cola şirkətinin maliyyə dəstəyi, Milli Olimpiya Komitəsinin rəhbərliyi, Təhsil Nazirliyi ilə birgə Gənclər və İdman Nazirliyi, həmçinin Bakı Avropa Əməliyyat Şirkətinin təşkilatı dəstəyi ilə həyata keçirilən FASA (“Fəal Ailəm, Sağlam Aləm”) programı Azərbaycanda əhalinin, xüsusən də ailələrin müntəzəm olaraq idmana cəlb edilməsi üçün müxətlif miyaslı və çox şaxəli fəaliyyətlər həyata keçiriləcəkdir.

İmzalanma mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd etdi: ”Avropa Oyunlarının rəsmi tərəfdaşlarından olan Coca-Cola şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzi təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. Bu müddətdə 12-dən artıq müxtəlif təyiinatlı və miqyaslı layihələr həyata keçirilmişdir. Bu layihələr sırasında ən uzun müddətli və geniş miqyasa malik olanı FASA proqramıdır. 5 il müddət üçün nəzərdə tutulan proqrama2014-cü ildən Təhsil Nazirliyi və 2015-ci ildən Gənclər və İdman Nazirliyinin qoşulması uğurlu haldır. Layihənin belə uğurlu və davamlı fəaliyyətinə görə bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm.”

Gənclər və İdman naziri Azad Rəhimov Avropa Oyunlarının sosial inkişaf baxımından əhəmiyyətini vurğuladı: “Avropa Oyunları həm ölkəmizin inkişafının göstəricisidir, həm də ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olacaq böyük stimuldur. “Fəal Ailəm, Sağlam Aləm” proqramı isə əhalimizin, ailələrimizin sağlam və aktiv həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan yaradır. Avropa Oyunlarının sosial irsi olaraq Azərbaycanda daha çox insanların sağlam həyat tərzinə cəlb olunacağına inanıram və bu vacib proqrama dəstəyinə görə Coca-Cola şirkətinə təşəkkürümü bildirirəm.”

Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi layihələr haqqında danışdı. Nazirin sözlərinə görə FASA və bu kimi digər sosial idman layihələri təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından çox əhəmiyyətlidir.

Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş Müdiri Cem Becel də tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğuladı: “Müntəzəm idman, fəal həyat tərzi insanların sağlamlığını artırır, onların xoşbəxtlik hissini gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin inkişafının bir hissəsidir. Məhz bu səbəbdən Coca-Cola 1928-ci ildən bu günədək Olimpiya Oyunlarının tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif miqyaslı layihələrə dəstək oluruq. Milli Olimpiya Komitəsi ilə 2013-ildə icrasına başladığımız FASA ailəvi idman yarışları vasitəsilə indiyədək ölkənin 40 rayon və şəhərin 300-dən artıq məktəbini əhatə edərək on minlərlə insan müntəzəm fiziki hərəkələrə cəlb edilmişdir. Bunu böyük uğur kimi qəbul edirik və bu işdə əməkdaşlıqlarına görə Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliklərinə öz təşəkkürümü bildirirəm.”

İmzalanma tədbirində “Fəal Ailəm, Sağlam Aləm” proqramı haqda video film nümayiş etdirildi. Qeyd olundu ki, 2015-ci ildən etibarən FASA-nın televiziya variantı da hazırlanmaqdadır. Beləki, İctimai Televiziya və Radio Şirkətinin dəstəyi ilə ilk dəfə olaraq ötən ilin təsnifat yarışlarında iştirak 20 yaxın ailə tele-yarışın avtomobil hədiyyəsini qazanmaq üçün öz güclərini sınayacaqlar. FASA ilə bağlı digər maraqlı bir yenilik isə Avropa Oyunları ilə əlaqəlidir. 26 Aprel tarixində start veriləcək Avropa Oyunları məşəlinin alovlandırılması və yürüş prosesində FASA-nın 2014-cü ilin qalib ailəsi də iştirak edəcəklər. Bütün bu həvəsləndirici tədbirlər Avropa Oyunlarının ruhlandırıcı gücü vasitəsilə daha çox insanın sağlam və aktiv həyat tərzinə cəlb olunmasına xidmət edir.