Dünya çempionatında qrup hərəkətləri komandamızdan tarixi medal
18 sentyabr 2022 559
Sentyabrın 14-də Bolqarıstanın paytaxtı Sofiyada start götürən bədii gimnastika üzrə dünya çempionatına bu gün yekun vuruldu. Ən güclülərin mübarizəsi Azərbaycanın Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə yığma komandasının tarixi medalı ilə yadda qaldı. Belə ki, yarışın sonuncu günündə finalda mübarizə aparan gimnastlarımız 3 lent və 2 topla hərəkətlərin icrasında hakimlərdən 30.750 xal alaraq bürünc medala layiq görüldü. Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandamızın dünya çempionatında qazandığı ilk nailiyyətdir.
Məlumat üçün bildirək ki, 2022-ci ildə qrup hərəkətləri yığmamız bir sıra mötəbər yarışlarda uğurlu nəticələrə imza atıb. Belə ki, təmsilçilərimiz bu il keçirilən Avropa çempionatında 3 bürünc, V İslam Həmrəyliyi Oyunlarında isə 2 qızıl və 1 gümüş medala sahib çıxıb.
Xatırladaq ki, dünya çempionatında fərdi növdə mübarizə aparan gimnastımız, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş, İslam Həmrəyliyi Oyunlarının dördqat qızıl, gümüş və bürünc mükafatçısı Zöhrə Ağamirova lentlə 5-ci, halqa ilə hərəkətlərin icrasında 6-cı, dünən keçirilən çoxnövçülük proqramında isə 13-cü pillədə qərarlaşmışdı.
Bənzər xəbərlər
MOK və “Visa” şirkəti arasında tərəfdaşlığa həsr olunmuş mətbuat konfransı keçirilib
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri ... Ətraflı
AGF Baham adaları Gimnastika Federasiyası ilə anlaşma memorandumu imzalayıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında anlaşma memorandumu ... Ətraflı