Xəbərlər

Elis və Osman Bolqarıstanda bürünc medal qazandı

17 fevral 2022 544

Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turnirinə start verilib.

İlk yarış günündə 4 təmsilçimiz xalça üzərinə çıxıb. İntiqam Vəlizadə (61 kq) startda uğursuzluqla üzləşib. Həm yerlimiz amerikalı Qabe Taunsellə görüşdə zədələnərək mübarizəni başa vurub.
Əşrəf Aşırov (79 kq) ilk görüşdə gürcü Temuri Beruaşviliyə sonuncu xal (3:3) prinsipinə əsasən qalib gəlib. Ancaq 1/4 finalda dördqat dünya və ikiqat Avropa üçüncüsü Əli Şabanova (Belarus) məğlub olub. 
Osman Nurməhəmmədov (92 kq) əvvəlcə bolqar İliya Xristov (13:2), daha sonra isə iranlı Mehdi Hacılueyanmurafah (9:2) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Ahmed Batayev (Bolqarıstan) 4:6 hesabıyla məğlub olan Osman fevralın 18-də bürünc medal uğrunda güləşib. Şimali Makedoniya təmsilçisi Recep Haydariyə heç bir şans tanımayan (10:0) millimizin üzvü fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova (65 kq) macar Viktoriya Felhonu "tuşe" ilə üstələyib. Ancaq yarımfinalda amerikalı Mallori Velteyə (0:8) uduzan Manolova da ümidini bürünc medala bağlayıb. Yığmamızın üzvü fevralın 18-də son görüşünə çıxıb. Rumıniyalı Amina Kapezanı 4:0 hesabıyla məğlub edən Elis bürünc medalı boynundan asıb.