Xəbərlər

İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib

05 aprel 2017 545

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğuladı.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səuda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd etdi.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının artdığını məmnunluqla qeyd etdi və ölkəmizdə turizmin inkişafı üçün bütün lazımi imkanların mövcud olduğunu bildirdi.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini dedi.

Azərbaycan ilə münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını deyən Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud qeyd etdi ki, Azərbaycana hər zaman səfər edərkən Səudiyyə Ərəbistanının rəhbərliyi ona Azərbaycanın çox əhəmiyyətli ölkə olduğunu bildirir və respublikamızla əlaqələri daha da inkişaf etdirmək barədə tapşırıq verir.