Xəbərlər

İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatında Azərbaycan kikboksçuları 20 medal qazanıb

08 oktyabr 2022 819

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Low kick" növdə Şükür Aslanlı (-42 kq), Mahmud Hüseynov (-57 kq), Nicat Ələkbərli (-63,5 kq), Səfərəli Vəhədov (-71 kq), Gülməmməd Səfərli (+81 kq), Elton Hüseynov (+91 kq) və "Full contact"da Murad Məmmədov (-60 kq) bürünc medal qazanıblar.

"Low kick"də Rinat Qiyasov (-45 kq), Renat Qiyaslı (-51 kq), "Full contact"da Əli Cəfərli (-54 kq) və "Kick light"də Kənan Cəfərli (-57 kq) finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Azərbaycan millisi indiyə olan duruma görə 6 qızıl medal qazanıb. Yeniyetmə və gənc dünya çempionlarımız K1-də Murad Gəncəliyev (-45 kq), Rafiq Babazadə (-48 kq), "Low kick"də Sübhan Məmmədov (-45 kq), Ramal Zeynallı (-48 kq), Elvin Məmmədov (-54 kq) və "Kick light"də Nizami Əliyevdir (-32 kq).

Bu gün yarışda son gündür. Komandamız daha 3 final döyüşündə qüvvəsini sınayacaq. Bunlar qızıl medal ümidlərimiz olan Amin Quliyev, Vüqar Məmmədov və Akif Quluzadədir.

Qeyd edək ki, ötən il Monteneqroda keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı. Bu yarışın dünya çempionatı olduğunu və medal sayının artdığını nəzərə alsaq, Azərbaycan Kikboksinq Federasiyası yeni uğura imza atıb.