Xəbərlər

Kişilər və qadınlar arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib

03 dekabr 2022 561

3 dekabrda kişilər və qadınlar arasında Azərbaycan çempionatının ikinci günündə turnirin açılış mərasimi baş tutub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və gənc cüdoçumuz Turan Rüstəmovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katib Rəşad Rəsullu çıxış ediblər.

ACF-in baş katib Rəşad Rəsullu çıxış edərək,  bildirib ki Federasiyanın əsas məqsədi cüdonun kütləvləşdirilməsi ilə sağlam nəslin və Vətənə layiqli vətəndaşların yetişdirilməsinə töhfə verməkdir: “Bu il Azərbaycanda cüdonun 50 illik yubileyini qeyd edirik və fəxrlə deyə bilərik ki, bu illər ərzində dövlətimizin başçısı Prezident cənab İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində  Azərbaycanda cüdo sürətlə inkişaf edir. ” Həmçinin, o Azərbaycan çempionatında reytinqli idmançılarla yanaşı yeni istedadlı idmançıların kəşf edilməsini müsbət hal kimi dəyərləndirib. 

Daha sonra Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri  Elnur Məmmədov turnirin iştirakçılarını salamlayıb və  bildirib ki, ACF-in ölkədə cüdonun inkişafı üçün gördüyü fəaliyyətlər təqdirə layiqdir: “Cüdo ölkədə ən sevilən idman növlərindən biridir. Azərbaycan çempionatında  -66 kq. çəki dərəcəsində 60-dan çox idmançı iştirak edir və bu ölkədə cüdonun sabit inkişafının sübutudur. Hər kəsi Azərbaycanda cüdonun 50 illik münasibəti ilə təbrik edirik və   bu illər ərzində cüdonun inkişafına töhfə vermiş hər kəsə başda Tərlan Həsənov olmaqla təşəkkür edirik. Turnirdə iştirak edən idmançılara uğurlar arzu edirik.”.
 
Daha sonra 2022-ci ildə Azərbaycanın cüdo üzrə əldə etdiyi nailiyyətlərə həsr olunmuş video çarx nümayiş olunub. Video da qeyd olunan il ərzində idmançılarımızın iştirak etdiyi turnirlər, medal verilmə mərasimləri və sevinc dolu anları əks olunmuşdur. 

Qeyd edək ki, Bakı İdman Sarayında baş tutan turnirdə 68 klub və idman cəmiyyətlərindən 379 cüdoçu 56 medal və Azərbaycan çempionu titulu uğrunda mübarizə aparır.