Xəbərlər

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində məktəblər arasında rəsm müsabiqəsi keçiriləcək.

18 mart 2019 831

Bu gün Milli Olimpiya Komitəsində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində “İdman – sağlamlıq, dostluq, birlik…” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı baş tutdu. Müsabiqə OCEP 2019 çərçivəsində seçilmiş 49 məktəb arasında həyata keçirilir və Avropa Gənclərinin 15-ci Yay Olimpiya Festivalına həsr olunur. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzidir.

Rəsm müsabiqənin əsas məqsədi 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı vasitəsilə məktəblilər arasında Olimpiya dəyərləri və ideyalarını təşviq etmək, onların Festivala dair fikirlərini öyrənməkdir. Müsabiqədə 6-10 və 11-14 olmaqla iki yaş kateqoriyası iştirak edə bilər.

Təqdimatda 49 məktəbin direktoru, Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, MOK-un məsul şəxsləri və proqramın işçi heyəti iştirak etmişdir. Tədbirdə iştirak edən MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Elnur Əliyev, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri xanım Lalə Qəti rəsm müsabiqəsinin məqsəd və vəzifələri, həmçinin qaydalar haqda iştirakçılara ətraflı məlumat verdilər. Çıxış zamanı Mehman Kərimov qeyd etdi ki, ilk dəfə olaraq bu kimi müsabiqədə qaliblər təkcə münsiflər heyətinin deyil həm də sosial şəbəkədə toplanmış səslərə əsasən müəyyən ediləcəkdir.

Layihə dörd mərhələdən ibarət olacaqdır. İlkin mərhələdə məktəblər öz daxili rəsm müsabiqəsini keçirəcək və seçilmiş ən yaxşı rəsm əsərlərini ikinci mərhələdə iştirak üçün 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə təqdim edəcəkdir. Bu mərhələ üçün qəbul edilmiş işlər @OCEP2019 məxsus Facebook səhifəsində ictimai qiymətləndirmə üçün yayımlanacaqdır. Sonra müsiflər heyəti rəsm işlərini qiymətləndiriləcəkdir. Hər iki qiymətləndirmənin ümumi nəticəsi qalibləri müəyyən etməyə imkan verəcəkdir.

Redaktorlar üçün məlumat:

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir.

Proqram çərçivəsində hər bir iştirakçı ölkə ilə məktəblər arasında əlaqələr qurulacaq və həmin məktəb seçdiyi ölkəni təmsil edəcəkdir. Bununlada gənclər arasında Olimpiya hərəkatı və dəyərləri, bədən tərbiyəsi və idmanın təşviq olunmasında böyük rol oynayacaqdır. Proqram üçün Bakı şəhərindən 49 məktəb seçilmişdir.