Xəbərlər

Üzgüçülük üzrə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnir start götürdü

13 may 2023 374

Mayın 12-də Bakı Su İdman Sarayında Üzgüçülük üzrə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin açılış mərasimi keçirilib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış iştirakçıları və hakimlər briqadası azarkeşlərin alqış sədaları altından zala daxil oldular. Tədbiri açıq elan Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev Ulu öndərin müstəqil dövlətimizin qurulmasında, bütün sahələrin, o cümlədən də idmanın inkişafında böyük rolu olduğunu vurğuladı və idmançılara yarışlarda uğurlar arzuladı. Bildirildi ki, su idman növləri üzrə dahi şəxsiyyətin 100 illik yubileyinə həsr olunan turnirlər ilin sonuna qədər davam edəcək. 
Sonra yarışların start fiti çalındı, müxtəlif yaş dərəcələrində və müxtəlif üsüllarda 127 üzgüçü mübarizəyə başladı. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışlarda 18 komanda açıq yaş qrupunda öz güclərini sınayacaqlar. İki gün davam edəcək turnirin sonunda qaliblər medallar və diplomlarla təltif olunacaqlar.