Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının I Liqasına yekun vurulub.
16 aprel 2023 317
Bu gün Voleybol Mərkəzində təşkil olunan final qarşılaşmasında "Təhsil" və "Express" klubları üz-üzə gəliblər. Gərgin keçən oyuna daha yaxşı başlayan "Təhsil" ilk setdə 25:17 hesabı ilə qələbə qazanıb. Təşəbbüsü əldən verməyən komanda növbəti hissəni də 25:14 hesabı ilə öz hesabına yazdırıb. Sonrakı setdə "Express" daha ciddi müqavimət göstərib. Buna baxmayaraq, uzatmaya qədər davam edən bu hissədə "Təhsil" rəqibindən daha dəqiq oynayıb - 32:30.
Beləliklə, həlledici matçda "Express"i 3:0 hesabı ilə məğlub edən "Təhsil" I Liqanın qızıl medalına sahib çıxıb. "Express" isə gümüş medalla kifayətlənməli olub. Daha əvvəl keçirilmiş üçüncülük uğrunda görüşdə "Kapitalist" klubunu 3:0 hesabı ilə məğlub etmiş "Hərbi İnstitut" isə yarışın bürünc medalını qazanıb.
Final qarşılaşmasından sonra I Liqanın mükafatlandırma mərasimi keçirilib. Kişi voleybolçularla yanaşı, qadın voleybolçulara da mükafatları təqdim olunub. Qadınların mübarizəsində "Xarı bülbül" qızıl, "Azərreyl-2" gümüş, üçüncülük görüşündə "Murov-2" klubunu 3:2 hesabı ilə məğlub edən "Ryuqa" isə bürünc medal qazanıb.
Daha sonra yarışın bağlanış mərasimi baş tutub. Tədbirdə çıxış edən AVF-nin prezidenti Şahin Bağırov iştirakçıları və qonaqları salamlayıb, Yarışın yüksək səviyyədə təşkil olunduğunu deyən Ş.Bağırov final matçının gərgin və maraqlı mübarizədə keçdiyini diqqətə çatdırıb. Qurum rəhbəri qalibləri təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Ardınca qaliblər mükafatlandırılıb. Medalları, diplomları və kubokları idmançılara AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayevlə Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri Günay Salamova, Elçin Ağakişiyev və Elqar Bağırov təqdim ediblər.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı