Xəbərlər

Boks millisinin baş məşqçisi: İtaliyada minimum iki və ya üç lisenziya qazanacağıq

01 mart 2024 150

“Budəfəki turnir fərqli olacaq. Çünki artıq yarımfinala vəsiqə qazanan boksçular “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edəcəklər”.

 

Bu sözləri açıqlamasında boks üzrə Azərbaycan millisinin baş məşqçisi Pedro Roke martın 3-də İtaliyanın Busto Arsizio şəhərində start götürəcək I Dünya Olimpiya Təsnifat Turnirində lisenziya qazanmaq şanslarını dəyərləndirərkən deyib.

 

Kubalı mütəxəssis yarışda bir sıra boksçulardan lisenziya gözlədiyini bildirib: “Martın 11-də 1/4 final görüşləri olacaq. İdmançılar bəzi çəkilərdə 4, bəzilərində isə 5 döyüşdə qalib gələrək yarımfinala vəsiqə qazanmalıdırlar. Biz beş boksçudan lisenziya gözləyirik. Çətin olacaq, ancaq gözləntilər böyükdür. Düşünürəm ki, minimum 2-3 lisenziya olacaq”.

 

O, turnirdə Olimpiya Lisenziyası ala bilməyən boksçular üçün daha bir şansın olacağını söyləyib: “May ayında Tailandda ikinci təsnifat turniri təşkil olunacaq. Bu yarışa yaxşı hazırlaşıb “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək istəyirik. Turnirə 600-dən çox idmançı gələcək. Həmin yarışda hədəf iki lisenziya olacaq. Amma üç olsa, lap gözəl olar”.

 

Qeyd edək ki, I Dünya Olimpiya Təsnifat Turnirinə martın 11-də yekun vurulacaq. Yığmanın heyətində artıq Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024”ə lisenziya qazanıblar.