Xəbərlər

Atletika üzrə qış ölkə çempionatına start verilib

26 yanvar 2024 131

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə atletika üzrə qış çempionatının açılış mərasimi keçirilib.

 

Respublika Olimpiya Mərkəzində baş tutan tədbir idmançıların paradı ilə başlayıb.

 

Federasiyanın prezidenti Cavid Qurbanov Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin onların gələcəkdə nüfuzlu beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyib. O, 40-cı dəfə təşkil olunan yarışın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

 

Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva bildirib ki, paytaxtla yanaşı, bölgələrdən idmançıların da bu çempionata qatılması Azərbaycanda atletika idman növünün inkişafının bariz nümunəsidir. O, atletikanın kütləviliyinin artırılması baxımından çempionatın önəmini vurğulayıb.

 

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Daha sonra atletika üzrə 40-cı qış ölkə çempionatı açıq elan olunub.

 

Yarışda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet mübarizə aparır.

 

Turnirin proqramına 3 təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, eləcə də 4x200 metr məsafəyə qarışıq estafet qaçışı daxildir.

 

Ölkə çempionatı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından əhəmiyyətlidir.

 

Qeyd edək ki, Azərbaycan çempionatına yanvarın 27-də yekun vurulacaq.