Xəbərlər

Azər Novruzov Avropa Cüdo Birliyində vəzifəyə təyin olundu

30 noyabr 2022 490

Azərbaycan Cüdo Federasiyasının baş katibinin məsləhətçisi Azər Novruzov 2022-ci ilin noyabr ayından etibarən Avropa Cüdo Birliyinin (EJU) Marketinq departamentində məsləhətçi kimi fəaliyyət göstərməyə başlayıb. Bununla bağlı müqavilə ona Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilir.

A.Novruzovun idman idarəçiliyində 10 ildən çox təcrübəsi var. O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa Çempionatları kimi çoxsaylı beynəlxalq yarışların təşkilat komitəsinin üzvü olub. Bundan əlavə, o, 2011-2013-cü və 2016-2017-ci illərdə Azərbaycan Cüdo Federasiyasında idman meneceri vəzifəsində çalışıb.

A.Novruzov Avstriyanın “SPOWI” şirkəti tərəfindən təşkil edilən İdman Elmi proqramında iştirak edərək idman sahəsi üzrə təhsil alıb. Həmçinin, bu ildən etibarən Beynəlxalq Cüdo Federasiyasının İdmanın idarə edilməsi üzrə bakalavr proqramında təhsilini davam etdirir. 

Azərbaycan Cüdo Federasiyası Avropa Cüdo Birliyinin layihələrində və fəaliyyətində fəal üzv kimi iştirak edir. Əməkdaşlarımızın beynəlxalq qurumlarda təmsil olunması həmin qurunların təcrübələrinin ölkəmizdə tətbiqi, həmçinin ölkəmizin bu sahədəki uğurlarını və təcrübəsini beynəlxalq arenaya çatdırmaq baxımından önəmlidir. Federasiya olaraq, bundan sonra da əməkdaşlarımızın həm Beynəlxalq Cüdo Federasiyası, həm də Avropa Cüdo Birliyinin müxtəlif bölmələrində təmsil olunmaları üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik.

Azərbaycan Cüdo Federasiyası adından Azər Novruzovu təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!