Xəbərlər

Azərbaycan Badminton Federasiyası Afrikada badmintonun inkişafına dəstək olacaq

27 may 2023 342

Azərbaycan Badminton Federasiyası Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə Afrikada badmintonun inkişafına dəstək layihəsinə başlanılmasından məmnunluq duyur.
Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində Dünya Badminton Federasiyası (BWF) və Azərbaycan Badminton Federasiyasının rəhbər heyəti arasında görüş keçirilib. Dünya Badminton Federasiyasının illik toplantısı çərçivəsində tərəflər arasında əməkdaşlıq memorandomu imzalanıb. 
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Dünya Badminton Federasiyasının prezidenti Poul-Erik Hoyer Larsen arasında imzalanan razılaşmaya əsasən ABF Afrikada badmintonun inkişafına dəstək olacaq.
Azərbaycan dövləti və Azərbaycan Badminton Federasiyasının  idman (badminton) vasitəsilə inkişaf etməkdə olan və həyat səviyyəsi aşağı olan ölkələrdə sosial həyatın və təhsilin səviyyəsinin artırılmasına dəstəyi prioritet istiqamətlərdəndir. Layihənin əsas məqsədi Dünya Badminton Federasiyası (BWF) və Afrika Badminton Konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Afrika ölkələrində badmintonun inkişafı və kütləviliyinə nail olmaqdır. 
Layihə çərçivəsində Azərbaycan Badminton Federasiyası Niger,Qambiya,Kamerun,Madaqaskar və Botsvanada badmintonun inkişafına töhfə verəcək. Müqaviləyə əsasən Azərbaycan Badminton Federasiyası qeyd olunan ölkələrin badminton qurumlarını raketka,volan və digər zəruri idman ləvazimatları ilə təchiz edəcək.