Xəbərlər

Azərbaycan badmintonçuları Paris Olimpiadasına reytinq xalları verən yarışda iki medal qazanıblar

23 oktyabr 2023 274

Azərbaycan təmsilçisi Edi Reski Dviçayo Əlcəzairdə keçirilən “Algeria International 2023” beynəlxalq turnirində kişi badmintonçuların şəxsi kateqoriyasında qızıl medal qazanıb.

Turnirə əsas mərhələdən başlayan badmintonçu ilk görüşündə yerli idmançı Daoud Aymeni (21-6,21-16) mübarizədən kənarlaşdırıb.

Dviçayo növbəti görüşündə polşalı Dominik Kvintaya 2:0 (21-17,21-16) hesabı ilə qalib gəlib. 1/4 finalda Fransa təmsilçisi Yanis Qaudin Azərbaycan təmsilçisi ilə görüşü zədə səbəbindən davam etdirə bilməyib. Beləliklə, ilk seti 15-7 hesabı ilə öndə olan Dviçayo ən güclü “dördlüy”ə yüksəlib. O, yarımfinalda İtaliya badmintonçusu Kristofer Vittorianı 2:0 (21-18,21-11) hesabı ilə məğlub edib. Finala qədər keçirilən görüşlərdə rəqiblərinə bir set belə verməyən idmançı qələbə seriyasını həlledici görüşdə də davam etdirib. Badmintonçu fransalı Saşa Levekye ilə görüşdə ilk seti 15-21 hesabı ilə geridə bitirsə də, digər iki setdə (21-13,21-18) rəqibindən üstün oyun sərgiləyərək, “Algeria International 2023” turnirinin qızıl medalını qazanmaqla yanaşı, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda hesabına 2500 reytinq xalı yazdırıb.

Paris Olimpiadasının təsnifat mərhələsində reytinq xalları verən yarışlarda uğurla çıxış edən Keişa Fatimə Zəhra da “Algeria International 2023” turnirini medalla başa vurub. Turnirin yarımfinal mərhələsinə kimi irəliləməyi bacaran Azərbaycanın qadın badmintonçusu şəxsi yarışda 1750 reytinq xalı toplayaraq bürünc medala sahib çıxıb. Keişa Fatimə Zəhra ən güclü “dördlüy”ə yüksəlmək uğrunda keçirilən görüşlərdə Əlcəzair, Fransa və İtaliyanı təmsil edən badmintonçulara qalib gəlsə də, finalın bir addımlığında bu kateqoriya üzrə turnirin qalibi olan fransalı Rosi Oktaviaya 3 set davam edən görüşdə 1:2 hesabı ilə uduzub.