Xəbərlər

Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılışına həsr olunmuş tədbir keçirilib

18 oktyabr 2023 291

Azərbaycan Basketbol Liqasında 2023/2024-cü illər mövsümünün açılışına həsr olunmuş mərasim keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, gənclər və idman nazirinin müavini Mariana Vasileva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov, Gənclər və İdman Nazirliyinin İdman sektorunun müdiri Elnur Məmmədov, "Sərhədçi" klubunun prezidenti Firdovsi Umudov, “Neftçi” futbol klubunun baş icraçı direktoru Fərrux Mahmudov, federasiya nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ötən mövsümün hesabatı təqdim olunub.

Mərasimi giriş sözü ilə açan F. Umudov hər kəsi salamlayaraq, Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqlarda yeni idman komplekslərinin təməlini qoyması münasibətilə idman ictimaiyyətini təbrik edib: “Sərhədçi” İdman Mərkəzində 30-a yaxın idman növü fəaliyyət göstərir. Burada basketbola xüsusi diqqət göstərilir. Mərkəzdə basketbolla məşğul olan uşaqların sayı artıb. Bu səbəbdən basketbol qruplarımızın sayını artırmışıq”.

Daha sonra çıxış edən Fərid Qayıbov geridə qalan bir il ərzində basketbol idman növündə bir çox işlərin görüldüyünü vurğulayıb: “Azərbaycanda uzun fasilədən sonra basketbol üzrə çempionat baş tutdu. Burada legioner oyunçular da iştirak edirlər. Sevindirici haldır ki, yeni mövsümdə klubların sayı artırılıb. Ümumilikdə Azərbaycan Basketbol Federasiyası durmadan inkişaf edir. Ölkəmizdə digər idman növləri ilə yanaşı, basketbolun da inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülür. Yeni mövsümdə bütün klublarımıza uğurlar arzu edirəm”.

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev bu idman növündə əldə olunan nəticələrdən qürur duyduğunu diqqətə çatdırıb: “Bu il təşkil olunan tədbirlər arasında Şuşadakı basketbol turniri bizim üçün xüsusi önəm daşıyırdı. İşğaldan azad olunmuş ərazimizdə keçirilən yarışda öz komandamızın qələbə qazanması isə bizim üçün çox böyük məna kəsb edirdi. Təbii ki, uğur əldə etmək üçün irəli getməliyik. Bu səbəbdən federasiyanın əsas məqsədi uşaqlar arasında basketbolun inkişaf etdirilməsidir. Bu idman növündə kütləviliyin artırılması da bizim üçün vacibdir. Azərbaycanda qadın basketbolunun inkişaf etdirilməsi də mühüm məsələdir. Gələn ildən qadın basketbolu üzrə ölkə çempionatlarına start verə bilərik. Azərbaycan Basketbol Federasiyasında baş verən bu və ya digər dəyişikliyi nəzərə alaraq, daimilik amilini stabil saxlamalıyıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın basketbol idman növünə, basketbolçulara göstərdikləri diqqət və qayğı danılmazdır. Bu qayğını bütün idmançılarımız hiss edirlər”.

Rəsmi çıxışlardan sonra monitorda Azərbaycan basketbolu ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonda isə basketbol hakimlərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümə oktyabrın 22-də keçiriləcək “Sərhədçi” – “Cəlilabad” oyunu ilə start veriləcək. Ötən ildən fərqli, bu mövsüm liqada 10 komanda - "Sabah", NTD-INDIGO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt" çempionluq uğrunda mübarizə aparacaq.