Xəbərlər

Azərbaycan beynəlxalq badminton konfransında təmsil olunub

14 iyun 2023 354

Avropa Badminton Konfederasiyasının təşkilatçılığı ilə Çexiyanın paytaxtı Praqada “Shuttle time conference 2023” tədbiri keçirilib.

Konfransda Avropa Badminton Konfederasiyasına üzvü olan 15-ə yaxın ölkənin proqram üzrə milli koordinatorları iştirak ediblər.

Tədbirdə Azərbaycan Badminton Federasiyasını “Shuttle Time Azerbaijan” proqramının milli koordinatoru Pərvin Piriyev təmsil edib.

Konfrans zamanı iştirakçılara proqram çərçivəsində son illərdə əldə olunmuş nəticələr barədə məlumat verilib, proqramın inkişafı istiqamətində işçi qruplar şəklində müzakirələr aparılıb. Qrup işləri zamanı iştirakçılara proqramın Azərbaycanda fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, proqram çərçivəsində Azərbaycanın 10 şəhər və rayonunda, ümumilikdə, 1000-dən çox məktəbli, 400-dən çox idman müəllimini əhatə edən təlimlər keçirilib. Proqramın icrasında Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Elm və Təhsil Nazirliyi kimi qurumların dəstəyi xüsusi vurğulanıb.

Konfrans çərçivəsində, həmçinin Dünya Badminton Federasiyasının “Ən yaxşı təcrübələr” adlı nəşrindən bəhs olunub və Azərbaycanda həyata keçirilən layihənin bu nəşrdə yer alması xüsusilə vurğulanıb.

Daha sonra proqramın gələcək inkişaf istiqamətləri haqqında ətraflı məlumat verilib.