Xəbərlər

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi Lənkaranda baş tutdu

20 sentyabr 2022 59

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində Olimpiya çempionu Nazim Hüseynov haqqında çəkilmiş “İlk Qızıl” filminin Lənkaran şəhərində nümayişi gerçəkləşdirilib. Tədbir iştirakçılarını salamlayan Lənkaran Rayon İcra Hakimiyyətinin müavini Mikayıl Cəfərzadə Olimpiya çempionlarımızla yeniyetmə və gənclərimizin birbaşa ünsiyyətini təşkil etmək məqsədilə reallaşdırılan bu layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, uşaq, yeniyetmə və gənclər arasında hər bir yaş kateqoriyasına uyğun idmanın təbliğini aparmaq, onların cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək üçün belə tədbirlərin vacibdir.  Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşdırılan bu layihə sayəsində cəmiyyətin məhz bu zümrəsi Azərbaycanın Olimpiya Odisseyasının qəhrəmanlarını tanımaq imkanı əldə edirlər. Son illər bütün dünyada gənclər arasında zərərli vərdişlərin artması da ciddi narahatlıq doğurur. Sağlam həyat tərzini təbliğ edən insanalrın həyat hekayələrini dinləmək yeniyetmə və gənclər üçün fərqli bir təcrübədir.  MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyə Lənkəran Rayon İcra Hakimiyyətinin müavini Mikayıl Cəfərzadəyə təqdim olunduqdan sonra Barselona-1992  Yay Olimpiya Oyunlarının cüdo üzrə (60 kq) Olimpiya çempionu Nazim Hüseynova həsr olunan “İlk qızıl” filmi izlənilib. Tədbir zamanı Olimpiya çempionu Nazim Hüseynov görüş iştirakçılarınn suallarını cavablandırıb. Lənkəran Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  sertifikatları təqdim olunub. Qeyd edək ki, “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmlərin nümayişi, Bərdə, Oğuz və Sumqayıtda da baş tutacaq.  Ölkəmizin bölgələrində baş tutan layihə MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin  birgə təşkilatçılığı ilə həyata keçirilir.