Xəbərlər

Bu gün Bakıda voleybol məşqçiləri üçün təşkil olunmuş beynəlxalq texniki kurs başa çatıb

22 noyabr 2023 262

Noyabrın 15-dən 22-nədək davam edən Level-3 kursu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutub.

 

Ümumilikdə 14 nəfərin (11 yerli, 3 xarici) qatıldığı kursun rəhbəri FIVB-nin məşqçi-instruktoru almaniyalı Peter Nonnenbroich, ikinci təlimçi isə rumıniyalı Dan Girleanu olub. 

Nəzəriyyə və təcrübədən ibarət olan kurs GİN-nin Voleybol Mərkəzində və AVF-nin İdman zalında təşkil edilib.

 

20-22 noybar tarixlərində isə mütəxəssislər praktiki və nəzəri imtahanlarda iştirak ediblər. Ümumilikdə 9 iştirakçı (7 yerli, 2 xarici) imtahanlardan uğurla keçərək FIVB-nin ən yüksək Level-3 dərəcəli beynəlxalq sertifikatına və BOK-un Olimpiya Həmrəyliyinin iştirakçı sertifikatına layiq görülüb.

 

Bu gün GİN-nin Voleybol Mərkəzində seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə AVF-nin baş katib Faiq Orucov, MOK-un Beynəlxalq proqrqmlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, Peter Nonnenbroich, Dan Girleanu və digər qonaqlar iştirak ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

 

Qeyd edək ki, Level-3 kursu ölkəmizdə bütün idman növləri arasında ilk dəfədir ki, voleybol idman növündə keçirilib.