Xəbərlər

Bu gün ictimai-siyasi və idman xadimi, professor Ağacan Abıyevin 86 yaşı tamam olur ​

24 noyabr 2023 273

Noyabrın 24-də Azərbaycanın dəyərli ziyalısı, ictimai-siyasi və idman xadimi, professor Ağacan Abıyevin 86 yaşı tamam olur.

Ağacan Qulam oğlu Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində anadan olub.

 

Ağacan Abıyevin adı ölkəmizin boks tarixinə qızıl hərflərlə yazılıb və  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (1987-2015) ən uzun ömürlü rektoru kimi (28 il) tarixə düşüb.

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri vəzifəsində çalışmışdır. 1987-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti və daha sonra I vitse-prezidenti olan Ağacan Abıyev həmçinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibi (1992-2021), Olimpiya Akademiyasının prezidenti, Avropa Beynəlxalq Boks Federasiyasının (AİBA) vitse-prezidenti, Dünya Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü olub. O, SSRİ-nin fəxri idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakimdir. Azərbaycan prezidentinin Sərəncamları ilə  “Şöhrət" və "Şərəf" ordenlərilə təltif edilib, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

Elm sahəsində də Ağacan müəllimin böyük xidmətləri olub. O, 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarındandır. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan Ağacan Abıyev Azərbaycanda İdmanın və Olimpiya Hərəkatının kütləviləşməsində və inkişafında mühüm rol oynayıb.

 

MOK-un olympic.az saytı olaraq Ağacan müəllimlə əlaqə saxlayıb, doğum günü ilə əlaqədar təəssüratlarını öyrəndik.

«Çox sağ olun ki, belə bir gündə mənimlə əlaqə saxlayıb, ad günümü təbrik etdiniz. Özümü çox xoşbəxt hiss edirəm. Gün ərzində idman ictimaiyyətinin nümayəndələri, keçmiş iş yoldaşlarım, idmançılardan təbrik zəngləri qəbul etmişəm. Bu illər ərzində əldə etdiyim nailiyyətlər, qazandığım uğurlar və sadiq dostlarımın diqqəti mənə yaşamaq həvəsi verir. İstəyirəm növbəti yubileyimə qədər də Azərbaycan idmanında daha böyük nailiyyətlər qazanılsın. Qarşıdakı olimpiadada idmançılarımızdan, xüsusilə də boksçularımızdan böyük nailiyyətlər gözləyirəm. Mən Azərbaycan idmançılarının bu illərdə neçə-neçə parlaq qələbəsini və Olimpiya Oyunlarında​ qazanılan uğurlarını gördüyüm üçün daha böyük uğurların qazanılacağına əminəm. Hesab edirəm ki, onlar bəsələnilən ümidləri layiqincə doğruldacaqlar. Bir daha Milli Olimpiya Komitəsinə və onun kollektivinə təbrik üçün öz minnətdarlığımı bildirirəm», - deyə Ağacan Abıyev bildirdi.