Xəbərlər

Cüdo üzrə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib 

25 oktyabr 2023 450

Oktyabrın 24-də Bakı İdman Sarayında Azərbaycan Cüdo Federasiyası (ACF) ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edilib. Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

ACF-in idman direktoru Kamran Talıbov bildirib ki, kəmər dərəcələri üzrə rəsmi imtahanın keçirilməsi Azərbaycan cüdo tarixində bir ilkdir: “İlk imtahana ümumilikdə 140 idmançı qatılıb. Təcrübəli münsiflər heyəti tərəfindən şəffaf şəkildə qiymətləndirmələr keçirilir. Gənc idmançılar üçün bu imtahan onların yeni başlayan idman karyeralarının bünövrəsini təşkil edir və həvəsləndirici qüvvə rolunu oynayır. Qeyd edim ki, 2025-ci ildən etibarən yalnız kəmər dərəcələri olan idmançılar rəsmi daxili yarışlarda iştirak etmək hüququ qazanacaqlar."

Türkiyə Cüdo Federasiyasının təhsil üzrə direktoru və Avropa Cüdo Birliyinin kata komissiyasının üzvü Mehmet Yılmaz ACF-i bu təşəbbüsə görə təbrik edərək bildirib ki, imtahanın təşkil standartları ən yüksək səviyyədədir: “Beynəlxalq Cüdo Federasiyasında və Avropa Cüdo Birliyində “kata” imtahanları və kəmər imtahanları bu formada təşkil edilir. Cüdoya yeni başlayan idmançıların gələcəkdə təhsil sahəsində inkişafı üçün Avropa Cüdo Birliyinin ən son tətbiq etdiyi qaydalara uyğun imtahan verməsi çox önəmlidir. Gələcəkdə Azərbaycan cüdosunda təhsil sahəsində və “kata”da çox mühüm inkişaf olacaq. Azərbaycan cüdoçularının gələcək illərdə “kata” sahəsində də Avropa və Dünya çempionatlarında nəticə əldə edəcəklərinə əminəm. Bütün idmançıları, məşqçiləri, münsifləri və Federasiyanı təbrik edirəm.”

ACF tərəfindən kəmər imtahanlarının keçirilməsində əsas məqsəd cüdonun ölkəmizdə fundamental, keyfiyyətli inkişafını təmin etmək və beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Yaxın zamanlarda ölkənin müxtəlif regionlarında kəmər imtahanlarının təşkil edilməsi planlanır.