Xəbərlər

Ədalətli oyunlar sahəsində fərqlənən şəxslərə mükafatlar təqdim edilib

17 may 2022 215

Mayın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası 2021-ci ilin yekunlarına əsasən, ədalətli oyunlar sahəsində fərqlənənlərə və “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edib.

MOK-un inzibati binasında keçirilən tədbirə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, sabiq baş katib Ağacan Abiyev, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və müxtəlif idman federasiyalarının nümayəndələri qatılıblar.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə son iki ildə pandemiya ilə əlaqədar çətinliklərlə üzləşdiklərini vurğulayaraq deyib: “Bu mükafatlandırmanı hər il keçirirdik. Bu, bizim üçün əlamətdar gündür. 2021-ci ildə bunu gerçəkləşdirə bilmədik. Ötən il MOK-da hesabat-seçki konfransı oldu. Seçkilər zamanı Komitənin rəhbər heyətinə yeni şəxslər seçildi. Həmin tədbirdə qərara gəldik ki, sabiq vitse-prezident Xəzər İsayev və sabiq baş katib Ağacan Abiyev komissiyada qalsınlar”.

Ədalətli Oyunlar Komissiyasının sədri X.İsayev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, fotomüsabiqəyə 170-dən artıq fotonun göndərildiyini diqqətə çatdırıb.

Sonra qaliblərə mükafatların təqdimatı mərasimi keçirilib. Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi nominasiyasında mükafat MOK-un baş katibi Azər Əliyevə təqdim olunub. Ədalətli oyun prinsiplərinə sadiq hakim nominasiyasında Asif Şirəliyev (güləş), ədalətli oyun prinsiplərinə sadiq məşqçi nominasiyasında isə Radiq Hüseynov (güləş) fərqləniblər. Ədalətli oyun prinsiplərinə sadiq idmançı mükafatı karateçi Rafael Ağayevə verilib.

“İdman TV” və “Olimpiyası dünyası” qəzeti də mükafata layiq görülüb. Daha sonra “Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Belə ki, Zaur Mustafayev (“Trend” informasiya agentliyi) birinci, Azər Əlizadə (“Olimpiya dünyası” qəzeti) ikinci, Dilavər Nəcəfov (Gənclər və İdman Nazirliyi) isə üçüncü olublar. Sonda xatirə şəkli çəkdirilib.