Xəbərlər

Əliabbas Rzazadə: Dünya çempionatına qızıl medal qazanmaq üçün yollanacağam

06 sentyabr 2023 193

Güləş üzrə dünya çempionatında çıxış edəcəyim çəki dərəcəsində güclü idmançılar mübarizə aparacaqlar. Bu səbəbdən məni gərgin bir mübarizə gözləyir. Dünya çempionatına qızıl medal almaq üçün yollanacağam. Demək olar ki, psixoloji, taktiki, fiziki və texniki cəhətdən yarışlara tam hazıram.

Bu sözləri Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.

Avropa çempionu yarışlara hazırlıq məqsədilə bir sıra təlim-məşq toplanışlarında iştirak etdiklərini bildirib: “Hazırda Bakıda son təlimlərimizi keçirik. Bundan öncə Göygöldə bir sıra məşqlərimiz baş tutdu. Bunun üçün Azərbaycan Güləş Federasiyasına və Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk. Dünya çempionatına çox yaxşı hazırlaşmışıq. Düşünürəm ki, nəticələrimiz əla olacaq”.

O, yarışın çox çətin keçəcəyini vurğulayıb: “Bəlkə də mundial bu il ərzində ən güclü və gərgin yarış olacaq. Dünya çempionatında hər Olimpiya çəkisi üzrə beş lisenziya veriləcək. Əlimizdən gələni edəcəyik ki, lisenziya qazanaq və ölkəmizi “Paris-2024” Yay Olimpiya Oyunlarında layiqincə təmsil edək”.

Dünya çempionatındakı rəqiblərindən də söz açan Ə.Rzazadə deyib: “Təbii ki, favorit güləşçilər var. Onların arasında Yaponiya, Rusiya və Almaniya təmsilçiləri var ki, bir neçə yarışda uğur qazanıblar. Rəqiblərim məndən nə güclü, nə də zəifdir. Son Avropa çempionu kimi heç bir rəqibimdən çəkinmirəm. Yarışa iddialı yollanacağam”.