Xəbərlər

Elnur Məmmədov: I və II MDB Oyunlarının nəticələri müqayisəli təhlil olunacaq

14 avqust 2023 200

I və II MDB Oyunlarının nəticələri müqayisəli analiz olunacaq.

Bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərlə açıqlamasında deyib. İdmançıları Minskdə keçirilmiş II MDB Oyunlarında qazanılan uğur münasibətilə təbrik edən nazirliyin rəsmisi yarışda 62 medal qazanıldığını bildirib:

“Medalların 10-u qızıldır. İki il öncə Rusiyanın Kazan şəhərində keçirilən ilk MDB Oyunlarında Azərbaycan 60 medal əldə etmişdi. Həmin vaxt yarışı medalların əyarına görə 4-cü, sayına görə isə 5-ci sırada bitirmişdik. II MDB Oyunlarında isə həm medalların əyarı, həm də sayı baxımından 4-cü yeri tutduq. Şükürlər olsun ki, əvvəlki illə müqayisədə daha yaxşı nəticə göstərilib".

Elnur Məmmədov idmançıların çıxışı ilə bağlı federasiyalarla birlikdə ümumi təhlil aparılacağını vurğulayıb:

"Burada uğurlarla yanaşı, hansı idman növündə lazımi effekti verməmişiksə, onun da dəqiq səbəblərini araşdırmalıyıq. İstəyimiz odur ki, 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında ən yaxşı nəticələri göstərək".