Xəbərlər

Elxan Məmmədov: Hidayət Heydərovun qələbəsində Elnur Məmmədlinin də rolu böyükdür

25 sentyabr 2023 271

Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycanın cüdo millisi üç qızıl, bir bürünc və bir gümüş medal qazanaraq, komanda hesabında birinci yerə çıxdı. Yığmamızın çıxışını çox yüksək dəyərləndirirəm. Cüdoçularımız əla performans göstərərək, lazımi lisenziya xalları qazandılar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında gənc cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Məmmədov Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirində əldə olunan nəticələri şərh edərkən deyib.

41 yaşlı mütəxəssis yığma üzvləri arasında Zelim Tçkayevin (81 kiloqram) çıxışını xüsusi vurğulayıb: “Onun mübarizəsi daha xoş təsir bağışladı. Ümumiyyətlə, cüdoçularımız hər dəfə tatami üzərinə çıxanda rəqiblərindən daha üstün görünürdülər. Bunun nəticəsidir ki, onlar inamlı qələbələri ilə xalqımızı sevindirdilər”.

Böyüklər arasında Azərbaycanın yeganə dünya çempionu olan veteran cüdoçu “Böyük dəbilqə” turnirində qızıl medal qazanan Hidayət Heydərovun (73 kiloqram) çıxışını da yüksək qiymətləndirdiyini bildirib: “O, rəqiblərinə öz təcrübəsi və texnikası ilə qalib gəldi. Əlbəttə, burada Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin də rolu böyükdür. Bildiyiniz kimi, E. Məmmədli 73 kiloqram çəki dərəcəsində Olimpiya çempionu olub. O, hər zaman millimizə dəstək olmaq məqsədi ilə bizim yanımızdadır. Hətta Hidayət Heydərovla əlavə olaraq çalışır, öz təcrübəsini və taktikasını onunla bölüşür. Mənə elə gəlir ki, Elnur Məmmədlinin Hidayətin yanında olması cüdoçumuza yenidən inam qazandırıb”.