Xəbərlər

Fransa Senatı 2024-cü il Olimpiya Oyunlarındakı təhlükəsizlik tədbirlərini fövqəladə vəziyyət rejimi ilə müqayisə edib

30 noyabr 2023 292

Paytaxt polisinin prefekti Loran Nunyes tərəfindən təqdim olunan və 2024-cü ildə Parisdə Olimpiada zamanı görüləcək təhlükəsizlik tədbirləri, xüsusilə vətəndaşların şəhərdə hərəkət etməsinə nəzarət fövqəladə vəziyyət üçün xarakterikdir.

Bunu Fransa Senatının üzvü Filipp Bonnkarrer parlamentin yuxarı palatasının iclasında bildirib.

“Mətbuatda təqdim olunmuş göstərişlər fövqəladə vəziyyət üçün xarakterikdir, - deyə senator qeyd edib. – Mənası ölkəyə və dünyaya sevinc bəxş etmək olan [Olimpiada ilə bağlı] şəraitdə bu cür tədbirlərə müraciət etmək olduqca qəribədir”.

Parlamentin yuxarı palatasının qanunvericilik üzrə komissiyasında da narazılıq bildirilib. “Bu cür tədbirlərin hansısa müzakirə mövzusu olmadığı təəccüb doğurur, - deyə Senatın saytında dərc edilmiş komissiyanın açıqlamasında deyilir. – Bu göstərişlərin hüquqi əsasına aid də suallar var”. Bununla əlaqədar olaraq komissiya bu mövzu ilə bağlı dinləmələr təşkil etmək və oraya prefekti dəvət etmək qərarına gəlib.

Çərşənbə axşamı Nunyes “Le Parisien” qəzetinə verdiyi müsahibəsində bildirib ki, səlahiyyətlilər 2024-cü ildə keçiriləcək Oyunlar zamanı Parisdə və paytaxt regionunda Olimpiya obyektlərində hərəkət etmək üçün QR-icazə tətbiq edəcəklər. Onun sözlərinə görə, icazə, xüsusən avtomobillərdə gediş-gəliş və parkinq üçün lazım olacaq. “Belə sənəd yerli sakinlərə evlərinə çatmaq, sahibkarlar üçün isə lazım olan məhsulların çatdırılması üçün tələb olunacaq”, - deyə Paris polisinin rəisi dəqiqləşdirib.

Bundan əlavə, Olimpiada zamanı paytaxtda dörd təhlükəsizlik zonası yaradılacaq. Xüsusi təhlükəsizlik qaydaları açılış mərasimi vaxtı da tətbiq ediləcək, onun əhəmiyyətli hissəsi Sena çayında keçiriləcək. Nunyesin sözlərinə görə, açılış mərasimini pəncərədən izləmək istəyənlər xüsusi onlayn-platformada qeydiyyatdan keçməli olacaqlar.

Paris Olimpiadası 2024-cü il iyulun 26-dan avqustun 16-dək keçiriləcək. Noyabr ayında actu.fr. məlumat portalı Turizm üzrə Paris ofisinin məlumatına istinadla məlumat yayıb ki, paytaxt otellərində orta qiymətlər 300 faizdən çox artaraq, bir gecəlik 699 avroya çatacaq. Yay yarışları zamanı şəhərə 20 milyona qədər turistin gəlməsi gözlənilir.

Olimpiya və Paralimpiya oyunları zamanı paytaxt nəqliyyatında gediş haqqı ikiqat artacaq. Xüsusilə, metroda bir gediş haqqı indiki 2,1 avrodan 4 avroya qədər qalxacaq.

Bundan əvvəl Parisin meri Ann İdalqo xəbərdarlıq edib ki, paytaxt nəqliyyatı bu cür sərnişin axınına hazır deyil.