Xəbərlər

“İdman Həftəsi” çərçivəsində idman federasiyalarının mətbuat katibləri üçün treninq keçirilib

02 mart 2022 941

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "İdman Həftəsi" çərçivəsində idman federasiyalarının mətbuat katibləri və marketinq menecerləri üçün təşkil edilən treninqə martın 3-də yekun vurulub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən “Müasir Media” adlı treninqin mentoru Avropa Xəbər Akademiyasının proqram rəhbəri, BBC World News Avrasiya nümayəndəliyinin rəhbəri Sergey Stanovkin olub.

Treninqdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, gimnastika, güləş, cüdo, futbol, voleybol, badminton, qılıncoynatma, velosiped idmanı, avarçəkmə, boks, üzgüçülük, taekvondo, reqbi, triatlon, boççia idmanı və kikboksinq federasiyalarının məbuat xidmətlərinin rəhbərləri, əməkdaşları, eləcə də idman qurumlarının marketinq mütəxəssisləri iştirak ediblər.

Treninqin sonunda dinləyicilərə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Sertifikatların təqdim edilməsi mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Avropa Xəbər Akademiyasının proqram rəhbəri, BBC World News Avrasiya nümayəndəliyinin rəhbəri Sergey Stanovkin iştirak ediblər.

Tədbirdə çıxış edən ASAPES-in rektoru Fuad Hacıyev akademiyanın media və marketinq fəaliyyəti barədə məlumat verib və mətbuat katiblərinə uğurlar arzulayıb.