Xəbərlər

ISSF-in rəsmisi: Azərbaycan hər zaman yarışlara möhtəşəm ev sahibliyi etməsi ilə diqqət çəkib

20 avqust 2023 192

Azərbaycan hər zaman yarışlara möhtəşəm ev sahibliyi etməsi ilə diqqət çəkib.

Bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) stend atıcılığı üzrə texniki nümayəndəsi Abdullah Əli Əl Motava Əl-Hammadi yarışla bağlı təəssüratlarını bölüşərkən deyib.

Qurumun Qətərdən olan rəsmisi təşkilatçılıqla bağlı yüksək fikirlər səsləndirib: “Bura mənim üçün çox doğmadır. Azərbaycana İslam Həmrəyliyi Oyunlarında, həmçinin ötən il dünya kubokunda gəlmişdim. Atıcıların rahat hazırlaşması və atəş açması üçün hər cür şərait yaradılıb. Mükafatlandırma mərasimi də qonaqların ürəyincə təşkil olunur. 100-dən çox ölkədən 1200-dən çox atıcı cəlb olunub ki, bu da dünya çempionatının möhtəşəmliyindən xəbər verir”.

Əl-Hammadi dünya çempionatındakı uğurlu çıxışla “Paris-2024” Olimpiya Yay Oyunlarına lisenziya qazanmaq istəyən azərbaycanlı atletlərlə bağlı bunları deyib: “Azərbaycanlı kişi və qadın atıcıların yüksək səviyyədə olduğunu bilirəm. Hazırda dünya çempionatında elit idmançılar çıxış edir. Adından da göründüyü kimi, dünyanın ən güclü atletləri burada cəmlənib. Dünya çempionatı yerli atıcılar üçün yaxşı təcrübədir. Ümid edirəm ki, növbəti yarışlarda medal sıralamalarında Azərbaycandan olan atıcıların da adlarını görəcəyik”.