Xəbərlər

Lozannada Regional Rəqəmsal Kommunikasiya və Sosial Media Seminarı keçirilib

15 dekabr 2023 282

14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü, həmçinin Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) və Avropa Olimpiya Komitələrinin (AOK) birgə tərəfdaşlığı ilə Lozannada 3-cü Regional Rəqəmsal Kommunikasiya və Sosial Media Seminarı keçirilib. Avropa, Asiya və Afrika qitəsindən olan 17 MOK nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan Milli Olimpiya Komitəsini beynəlxalq proqramlar idarəsinin rəhbəri Mehman Kərimov və DMS-Azərbaycan şirkətinin icraçı direktoru Tahir Tahirli təmsil edib.

 


Seminarın əsas məqsədi iştirakçı MOK-lara rəqəmsal kommunikasiya və sosial media sahəsində şəbəkələşmə və ən yaxşı təcrübələri paylaşmaq, eyni zamanda Gangwon 2024 Qış Olimpiya Oyunları və Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlıq imkanı yaratmaq olub. 

 


Müvafiq sahədə ən son təcrübə və trendləri bölüşmək və oyunlardan əvvəl MOK-lara öz strategiyalarını təkmilləşdirmək üçün seminara ATOS, N3XT Sports və JTA kimi istisaslaşmış şirkətlər də dəvət edilib.

 


Seminarın ilk günündə ANOC-un baş katibi Qunila Linberq və MOK-un baş katibi Azər Əliyev tədbir iştirakçılarını onlayn formatda salamlayaraq, məqsəd və vəzifələrdən, həmçinin müvafiq sahədə MOK-ların üzərinə düşən öhdəliklərdən və bu sahədə gözləntilərdən danışıblar. 

 


İki gün davam edən seminarda məzmun yaradıcılığı və məhsuldarlıq üçün AI (süni zəka) həlləri, məlumatların təhlili, Olimpiya Oyunlarının rəqəmsal çətinlikləri, Avropa Oyunları, Asiya Oyunları və Avropa Gənclər Olimpiya Festivalıdan ən yaxşı təcrübə və öyrənilmiş dərslər, o cümlədən idmançılara sosial mediada istifadə və sair mövzularında təqdimatlar olub. 

 

Olimpiya Evində təşkil edilən son hissədə iştirakçılara sertifikatlar təqdim edilib.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat katibi