Xəbərlər

Milli Olimpiya Komitəsinin idman yekunlarına həsr olunmuş “Olimpiya gecəsi” keçirilib

06 dekabr 2023 379

Milli Olimpiya Komitəsinin (MOK) idman yekunlarına həsr olunmuş təntənəli “Olimpiya gecəsi” mərasimi keçirilib.

 

Tədbirdə dövlət və hökumət rəsmiləri, idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2023-cü ilin Azərbaycan idmanı üçün uğurla keçdiyini deyib. Nailiyyətlərin ildən-ilə artdığını söyləyən Çingiz Hüseynzadə bunun səbəbinin ölkə başçısı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi və fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb.

 

Qazanılan uğurlara görə federasiya rəhbərlərini, idmançıları və idman ictimaiyyətinin nümayəndələrini təbrik edən Ç.Hüseynzadə 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağına inandığını bildirib.

 

Sonra Avropa Olimpiya Komitələrinin və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun video formatda təbriki olub. O, tədbir iştirakçılarını Azərbaycan dilində salamlayaraq, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, Birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu deyib. Bildirib ki, Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğı Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin bir hissəsidir.

 

2023-cü ilin idman yekunları ilə bağlı videoçarx təqdim olunduqdan sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Laureatlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC də yer alıb. Aparılan sorğunun yekun nəticələrinə əsasən, agentlik ilin ən aktiv yazılı mediası seçilib. "İdman TV" isə ilin ən aktiv telekanalı nominasiyası üzrə fərqlənib. MOK-un vitse-prezidenti, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftəhəddinova mükafatları AZƏRTAC-ın idman redaksiyasının müdiri Ramin Qurbana və "İdman TV"nin direktoru Rövşən Binnətliyə təqdim edib.

 

Bundan başqa, Azərbaycan Cüdo Federasiyası "Qızlara ağ yaraşır" sosial layihəsi ilə ilin ən yaradıcı, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilin ən aktiv idman qurumu adına layiq görülüb. Elm və Təhsil Nazirliyi ilin ən loyal tərəfdaşı, Azərbaycan Dövlət Reklam Agentliyi ilin ən aktiv tərəfdaşı nominasiyası üzrə qalib olub. BP şirkəti ilin ən kreativ, "Toyota" isə ilin ən aktiv sponsoru olub.

 

İlin ən aktiv qadın idmançısı adını qadın güləşçi Mariya Stadnik, ilin ən aktiv kişi idmançısı adını isə veteran cüdoçu Rüstəm Orucov qazanıb.

 

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidentlər Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev və digər tanınmış idman xadimləri təqdim ediblər.

 

Təntənəli yubiley mərasimi konsert proqramı ilə davam edib.