Xəbərlər

MOK-da "Procter&Gamble" şirkətinin nümayəndəsi ilə görüş keçirilib

11 oktyabr 2023 327

Oktyabrın 10-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK və  "Procter&Gamble" (P&G) şirkəti arasında qarşılıqlı əməkdaşlıqla bağlı görüş keçirilib. Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Baş katibi Azər Əliyev, Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, P&G şirkətinin Qafqaz və Orta Asiya respublikaları üzrə baş direktoru İrakli Qabriadze, P&G-nin əməkdaşı Fəridə Babayeva iştirak ediblər.  MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, qurumlar arasındakı əməkdaşlığın qısa tarixinə nəzər salıb.

Çingiz Hüseynzadə bildirib ki, "Procter&Gamble" uzun illər Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşı olduğu kimi, Milli Olimpiya Komitəsi ilə də əməkdaşlıq edib. MOK sponsorlarına və tərəfdaşlarına böyük hörmətlə yanaşır. O, bildirib ki, "Procter&Gamble" (P&G) şirkəti ilə  əməkdaşlıq səmərəli olacaqdır. Bu əməkdaşlıq Olimpiya komandamızın Qanqvon 2024, Gənclərin Olimpiya Oyunları və Paris 2024 Olimpiya Oyunları kimi əhəmiyyətli və böyük miqyaslı yarışlarda iştirakı öncəsi Olimpiya sisteminin davamlı inkişafının göstəricisidir.

Əməkdaşlığın qarşılıqlı faydasından söz açan İrakli Qabriadze “Procter & Gamble” şirkətinin idmana xüsusi dəyər verdiyini qeyd edib.  O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış və müxtəlif idman növlərini təmsil edən idmançılara şirkət tərəfindən xüsusi təqaüd ayrılacaq. İ.Qabriadze əməkdaşlıq dövründə Milli Olimpiya Komitəsinin təşkil etdiyi tədbirlərdə tərəfdaşlıq imkanlarını əsirgəməyəcəklərini vurğulayıb. 

MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva xüsusi təqdimatla çıxış edərək,  tərəflər arasındakı əməkdaşlığın  perspektivlərindən danışıb. Görüşdə Milli Olimpiya Komitəsi və “Procter&Gamble” şirkəti arasında 2024-cü il ərzində əməkdaşlıq barədə ilkin razılıq əldə olunub. MOK və “Procter&Gamble” şirkəti arasında tərəfdaşlıq müqaviləsi oktyabrın 12-də saat 16:00-da “Four seasons” hotelində imzalanacaq.

 

Milli Olimpiya Komitəsi mətbuat xidməti