Xəbərlər

MOK mətbuat katibləri üçün SMM təlimi təşkil edib

02 mart 2021 622

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Milli idman federasiyalarının mətbuat katibləri ilə işin gücləndirilməsi, o cümlədən müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində onlara əlavə imkanların yaradılması məqsədilə yeni layihələr reallaşdırır.

 

MOK-un idmançılar üçün təşkil etdiyi sosial media təlimlərinin növbəti mərhələsində Olimpiya idman növlərinə aid federasiyaların mətbuat xidməti rəhbərləri və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edən Azərbaycan İdman Könüllüləri ictimai birliyinin nümayəndələri də iştirak etdi.

 

Müasir dövrdə Sosial Media kütləvi informasiya vasitələrindən birinə çevrilib, hətta bəzi məqamlarda ənənəvi mediadan daha populyardır. Kütləviliyə istiqamətlənən sosial media platformalarından düzgün istifadə həm də müxtəlif idman növlərinin təbliğinə xidmət edir.

 

Elə bu səbəbdən milli idman federasiyalarının mətbuat xidməti rəhbərlərinin sosial media marketinqi sahəsində bacarıqlarının təkmilləşdirilməsi vacibdir.

 

Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin mütəxəssisi Səkinə Vəliyevə və rəqəmsal marketinq üzrə mütəxəssis Müşfiq Şirəliyevin keçirdiyi təlimdə güləş, karate, atletika, badminton və qılıncoynatma federasiyalarının mətbuat xidmətlərininin rəhbərləri iştirak edib. İştirakçılara sosial media marketinqi və onun xüsusiyyətləri, hədəfə çatmaq üçün sosial mediadan düzgün istifadə olunması kimi bir çox vacib məqamlar haqda məlumat verilib.

 

Pandemiya şəratinə uyğun olaraq SMM təlimləri mərhələli şəkildə kiçik qruplarla təşkil olunur. Təlimlərin məqsədi Azərbaycanda idman haqda xəbərlərin, olimpizm ideyalarının sosial media üzərindən peşəkar şəkildə yayılmasına şərait yaratmaqdır.

 

Milli Olimpiya Komitəsi idman federasiyalarının mətbuat xidmətləri rəhbərləri üçün əlavə bilik və bacarıqlar verilməsinə imkan yaradan fəaliyyət növlərinə aid növbəti təlimlər keçirtməyi də planlaşdırır.