Xəbərlər

MOK-un əməkdaşları “Olimpiya dünyası”nın qonağı oldular

07 noyabr 2023 246

Noyabrın 7-də “Olimpiya dünyası” qəzetinin redaksiyasında Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşları ilə dəyirmi masa ətrafında görüş keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un baş məsləhətçisi Nazir Rəhimov, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, aparıcı məsləhətçi Elmira Gəncəli, MOK-un 44 günlük Vətən müharibəsində iştirak edən əməkdaşları İntiqam Səfərov, Tofiq İmanlı, “Olimpiya dünyası”qəzetinin baş redaktoru, MOK-un mətbuat katibi Murad Fərzəliyev, baş redaktorun müavini Aslan Şirəliyev və redaksiya heyəti iştirak ediblər. 
Redaksiya ilə ümumi tanışlıqdan sonra Murad Fərzəliyev “Olimpiya dünyası” qəzetinin fəaliyyəti barədə qonaqlara məlumat verib. “Olimpiya dünyası”nın ölkəmizdə Olimpiya Hərəkatının və idmanın təbliğində xüsusi rol oynadığını bildirib. Qəzetin 2001-ci ildən çapdan çıxdığını deyən baş redaktor bu illər ərzində qəzetdə 40-dan çox peşəkar jurnalistin yetişdiyini qeyd edib. O, deyib ki, MOK əməkdaşları ilə bu görüş qarşılıqlı və səmərəli fəaliyyət üçün böyük əhəmiyyətə malikdir. 
Qəzetin onlayn qaydada da fəaliyyət göstərdiyini deyən baş redaktor informasiyaların olimpiyadunyasi.com və olimpnews.az saytında gündəlik olaraq yeniləndiyini diqqətə çatdırıb.  
Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri Həsənağa Rzayev bu səmimi görüşdən məmnun olduğunu bildirib.  O, deyib ki, Milli Olimpiya Komitəsi bu qəzeti daim diqqətdə saxlayır. Qəzetin əməkdaşları işgüzar və peşəkardırlar. Ona görə də “Olimpiya dünyası” qəzeti oxucular tərəfindən maraqla oxunur.
MOK-un baş məsləhətçisi Nazir Rəhimov isə bildirib ki, “Olimpiya dünyası” Azərbaycan idman mətbuatında özünəməxsus rolu olan mətbuat orqanıdır. Bu qəzetin zəngin və etibarlı arxivi var. Azərbaycanda idmanın və Olimpiya Hərəkatının tarixini araşdırmaq istəyənlər üçün ən etibarlı mənbədir. O, qəzetin əməkdaşlarına yaradıcılıq uğurları arzulayıb.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti