Xəbərlər

Mövsümün ilk yarışı başa çatdı

13 fevral 2022 1689

Şose velosipedi üzrə Azərbaycan Kubokunun 1-ci mərhələsi başa çatıb. Müxtəlif klub və cəmiyyətlərin 3 yaş kateqoriyası üzrə 60-a yaxın idmançısının iştirak etdiyi yarışın 2-ci günündə velosipedçilər qrup ötüşməsində ən güclüləri müəyyən ediblər.

17 yaşadək qızların 32 km məsafəyə mübarizəsi 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsilə başa çatıb. Bu yaş kateqoriyasında eyni məsafəyə yarışan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev 1-ci yeri tutub.

Gənc oğlanların 64 km məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Kamran Mirzəxanov finiş xəttini 1-ci keçib. U23/Elit yaş kateqoriyasında Müdafiə Sənayesi Nazirliyi Velosiped Klubunun velosipedçisi Musa Mikayılzadə 64 km-lik məsafəni hamıdan tez qət edib. Dünya Velosiped Mərkəzinin üzvü Ayan Xankişiyeva isə U23/Elit kateqoriyasında yarışan xanım velosipedçilər arasında çempionluq sevinci yaşayıb.

Mükafatlandırma mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, 1-ci vitse-prezident Sahib Ələkbərov, vitse-prezidentlər Robert Eyyubov və Fuad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Mövsümün ilk yarışının uğurla başa çatması münasibətilə velosipedçiləri təbrik edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev Azərbaycan Kubokunun 1-ci mərhələsinin təşkilinə yaxından dəstək verən Gənclər və İdman Nazirliyinə və Daxili İşlər Nazirliyinə öz təşəkkürünü bildirib.

Azərbaycan Kubokunun 2-ci mərhələsi fevralın 19-20-də keçiriləcək.