Xəbərlər

“Paris-2024”: Azərbaycanın basketbol millisinin təsnifat oyunlarındakı rəqibləri bəlli olub

23 yanvar 2024 192

Basketbol üzrə qadınlardan ibarət 3x3 Azərbaycan millisinin “Paris-2024” Yay Olimpiya Oyunlarının təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Yığma aprelin 12-14-də baş tutacaq ilk təsnifat oyunlarının B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacaq. Honkonqda keçiriləcək qrup görüşlərində ilk iki pilləni tutan komandalar təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanacaqlar.

Daha sonra yarımfinalda qalib olmuş komandalar finala, finalda qələbə qazanmış kollektiv isə Olimpiadaya vəsiqə qazanacaq.

İkinci təsnifat oyunları isə mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda yer alan milli Almaniya, Polşa və Tunis seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, 16 komandanın iştirak etdiyi ikinci təsnifatda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Məlumat üçün bildirək ki, 8 komanda arasında keçiriləcək ilk təsnifat matçlarında Azərbaycan millisi çempion olarsa, Olimpiadaya vəsiqəni təmin edəcək və artıq ikinci təsnifat oyunlarında iştirak etməyəcək.