Xəbərlər

Qış Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti artıq Pekindədir

02 fevral 2022 702

Azərbaycan nümayəndə heyəti “Pekin-2022” Qış Olimpiya Oyunlarına yola düşüb.

10 nəfərdən artıq Azərbaycan nümayəndə heyətinin böyük bir qismi “Pekin-2022” Qış Olimpiya Oyunlarında idmançılarımızın iştirakına hazırlıq işlərini təşkil etmək üçün Pekin şəhərinə yola düşüb.

Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun rəhbərliyi ilə Milli Olimpiya Komitəsini Marketinq İdarəsinin müdiri Mehman Kərimov,  “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un Beynəlxalq proqramlar uzrə katibi Ceyhun Rəhmanov ilk olaraq Pekinə yollanıblar.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən gedəcəklər.

Azərbaycan Olimpiya Komandasının bayraqdarı Vladimir Litvinsev fevralın 8-i və 10-nu yarışacaq. Fevralın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Ryabovanın yarışı  15 və 17 fevral tarixində baş tutacaq. Hər iki idmançımız və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Rusiyanın Moskva şəhərindən yola düşəcəklər.

Azərbaycan Olimpiya Komandası fevralın 4-20-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.