Xəbərlər

Region idmançıları üçün ustad dərsləri keçirildi

01 sentyabr 2022 200

31 avqust tarixində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində 120-ə yaxın region idmançıları üçün ustad dərsləri təşkil olunub. Ustad dərsləri ACF-in vitse-prezidenti, Olimpiya çempionu  Elnur Məmmədli, Özbəkistan yığmasının baş məşqçisi, Olimpiya və Dünya çempionu İlias İliadis və ACF Prezidentinin müşaviri, Dünya mükafatçısı Natiq Bağırov tərəfindən keçirilib. 

Qeyd edək ki, ustad dərslərinə Gəncə və Naftalan şəhərlərindən, Göygöl, Tovuz və Qazax rayonlarından cüdo ilə məşğul olan yeniyetmələr və gənclər qatılıblar.

İdmançılar məşq zamanı müxtəlif fəndləri yerinə yetiriblər və tövsiyələr alıblar.
 
ACF-in vitse-prezidenti Elnur Məmmədlinin sözlərinə görə, regionda cüdo ilə məşğul olan uşaqların sayı gündən-günə artır: “İdmançıları həvəsləndirmək üçün bu cür dərslərin keçirilməsi vacibdir. Federasiya olaraq əsas məqsədimiz odur ki, idmanla, xüsusi olaraq cüdo ilə məşğul olan uşaqların sayı daha çox olsun. Gənclər asudə vaxtlarını səmərəli keçirsin, fiziki və mənəvi sağlam olsunlar.”.

ACF-in Prezidentin müşaviri Natiq Bağırov bildirib ki, Federasiya bundan sonra da region idmançılarının rəqabət qabiliyyətlərinin artırılması və regionlarda cüdonun daha da kütləviləşdirilməsi üçün müvafiq tədbirləri davam etdirəcəkdir.