Xəbərlər

Tofiq Bəhramovun nəvəsi: İnsanlar onunla görüşmək üçün binamızın qarşısında gözləyirdilər

29 yanvar 2024 132

“12 yaşıma qədər babamla bir yerdə yaşamışam. Onun nəvəsi olmaq qürurvericidir. Babamın evində doğulub, orada böyümüşəm. Sözsüz ki, T.Bəhramovla bağlı xatirələr dünən kimi yadımdadır”.

 

Bu sözləri açıqlamasında Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun özü ilə eyni ad və soyadı daşıyan nəvəsi babasının anadan olmasının 99-cu ildönümü ilə bağlı danışarkən deyib.

 

Tanınmış referi ilə bağlı xatirələrini bölüşən T.Bəhramov onun öz işində olduqca ciddi və qətiyyətli olduğunu bildirib: “Amma ailə üzvlərinə qarşı çox mülayim idi. Nəvələrinə olan sevgisi isə tamam başqa idi. Tofiq Bəhramov həmişə ailəsini sevən, qohumlarını, tanışlarını məclislərdə bir araya toplayan insan olub. Babamın yeganə oğul nəvəsiyəm, buna görə də öz adını mənə verib. Bu adı fəxrlə daşıyıram”.

 

O, insanların Tofiq Bəhramova böyük hörmət bəslədiyini söyləyib: “Biz Üzeyir Hacıbəyli küçəsində, Hökumət Evinin arxasında yaşayırdıq. Evimiz Bakı bulvarına yaxın olduğu üçün hər axşam dəniz kənarına gəzməyə gedirdik. Bu zaman babamı görən insanlar bizə yaxınlaşıb, salamlaşırdılar, onunla söhbət edirdilər. Demək olar ki, şəhərdə hər kəs onu tanıyırdı. Yadımdadır, səhərlər işə gedəndə futbol həvəskarları sırf onunla söhbət edə bilmək, salamlaşmaq üçün binamızın qarşısında gözləyirdilər. Mən o vaxt balaca idim. Amma evimizin pəncərəsindən babamın həmin azarkeşlərlə söhbətini izləyirdim”.

 

Nəvəsinin sözlərinə görə, T. Bəhramovun 1966-cı il dünya çempionatında verdiyi məşhur qərar yüz il də keçsə də, danışılacaq və yaddaşlarda qalacaq: “Babam düzgün qərar vermişdi. Özü də həmişə bunu vurğulayırdı. Düzdür, bu gün futbolda qaydalar dəyişilib, qol hesab edilməsi üçün top qapı xəttini keçməlidir. Amma ovaxtkı qaydalara əsasən, verdiyi qərar doğru idi”.

 

T.Bəhramov babasının İngiltərədə çox sevildiyini vurğulayıb: “O, hələ də futbolsevərlərin xatirələrində yaşayır. Hər il İngiltərədən jurnalistlər Bakıya gələndə bizimlə görüşürlər. Elə vaxt olub ki, başqa məsələ ilə əlaqədar ölkəmizi ziyarət ediblər. Buna baxmayaraq, qonağımız olublar. Hətta İngiltərədə canlı efirə də qoşulmuşam. Onlar məndən Tofiq Bəhramovla bağlı müsahibə götürmüşdülər. Müsahibə zamanı babamdan xatirə qalan bir əşyanı canlı yayımda göstərməyimi xahiş etdilər. Mən də onlara T.Bəhramovun 1966-cı ildə məşhur qərarı verdiyi oyundakı formasını göstərdim”.

 

Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən hakim oyundan sonra kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi "Qızıl fit" mükafatına layiq görülüb. T.Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.