Xəbərlər

Ülvü Qənizadə Zaqrebdə çempion oldu

14 yanvar 2024 175

Xorvatiyada güləş üzrə reytinq turniri başa çatmaq üzrədir.

 

Yarışın son günündə yunan-Roma güləşi üzrə millinin 6 üzvü mübarizəyə qoşulub.

 

60 kq

Nihat Məmmədli təsnifat mərhələsində rusiyalı Ənvər Allahyarova məğlub olub – 5:7.

 

72 kq

Ülvü Qənizadə rumıniyalı Vasile Lunqu (8:0) və isveçrəli Mixail Portmanı (9:0) vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda türkiyəli Muhammed Ali Göçmen (7:1) üzərində də inamlı qələbə qazanan Avropa çempionumuz reytinq turnirinin finalına yüksəlib. Ülvü həlledici görüşdə macarıstanlı Levente Levaya çətinlik çəkmədən (7:0) qalib gələrək turnirin baş mükafatına sahib çıxıb.

 

97 kq

Murad Əhmədiyev ilk mərhələdə xorvatiyalı Kristian Lukaça heç bir şans tanımayıb – 9:0. Balakən güləş məktəbinin yetirməsi 1/16 mərhələdə misirli Mohamed Qabrı 3:1 hesabıyla mübarizədən kənarlaşdırıb. Bu mərhələdə millinin digər üzvü Murat Lokyayev eyni hesabla macarıstanlı Aleks Şokeyə uduzub. 1/8 finalda serbiyalı Mihail Kajaya xalçaya çıxmadığı üçün Əhmədiyev növbəti mərhələyə adlayıb. Əhmədiyev çexiyalı Artur Omarova da gücünü göstərərək (6:3) yarımfinala yüksəlib. Finalın bir addımlığında belaruslu Abubakar Xaslaxanov 1:4 hesabıyla məğlub olan Murad bürünc medal uğrunda isveçli Aleksander Styepanetiçlə güləşib. Əhmədiyev gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə uduzub – 2:3.

 

130 kq

Təsnifat mərhələsi milli üzvləri qarşılaşıb. 1:1 hesabıyla başa çatan görüşdə Beka Kandelaki sonuncu xal prinsipinə əsasən Sabah Şəriətini üstələyib. Təmsilçimiz 1/8 finalda almaniyalı Jello Krahmerə qalib gəlib – 3:1. Kandelaki növbəti mərhələdə çinli Linqje Menqə minimal fərqlə məğlub olub – 1:2. Beka təsəlliverici görüşdə finlandiyalı Konsta Maenpaepaedən güclü olub – 8:1. Kandelaki bürünc medal uğrunda macarıstanlı Dariuş Viteklə mübarizə aparıb və 4:7 hesabıyla məğlub olub.

 

Beləliklə, güləşçilərimiz ilin ilk reytinq turnirində 2 qızıl və 5 bürünc medal qazanıb.