Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib

21 sentyabr 2023 273

Sentyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Bakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi baş tutub. Tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rəsmiləri iştirak ediblər.

Beynəlxalq Cüdo Federasiyasının baş direktoru Vlad Marinesku hər kəsi salamlayıb və turnirdə 61 ölkədən 447 idmançının 2024 Paris Oyunlarına vəsiqə qazanmaq üçün mübarizə aparacağını bildirib. Həmçinin, Vlad Marinesku bildirib ki, cüdo dəyərlərə əsaslanan idman növüdür və bu həftə biz birgə dostluq, sülh və birlik dəyərlərinin nümayişini izləyəcəyik. Daha sonra, V. Marinesku Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin adından bütün idmançılara uğurlar arzu edib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında bütün iştirakçıları salamlayıb və bildirib ki, turnir Azərbaycanda idmanın inkişafında mühüm rol oynayan Ümummilli Lider Heydər Əliyevin yubileyinə həsr olunub və bu da onun irsinin təbliğ olunmasının bariz nümunəsidir. E. Məmmədov Azərbaycanda cüdonun inkişafına və tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirərək turnirin yüksək səviyyədə keçəcəyini əminliklə vurğulayıb.

Mərasim zamanı ACF-nın baş katibi Rəşad Rəsullu Bakı Böyük Dəbilqə yarışının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmasını qürurverici hal kimi qiymətləndirib. R. Rəsullu göstərdikləri dəstəyə görə BCF-ə və GİN-ə minnətdarlığını bildirib və turnirin yüksək səviyyədə keçiriləcəyini vurğulayıb. Həmçinin o, 2024 Paris Olimpiya Oyunları ərəfəsində Bakı Böyük Dəbilqə turnirinin idmançılara reytinq xalı toplamaq üçün əla imkan yaratdığını bildirib.

BCF-in hakimlərinin baş direktoru Daniel Laskau bildirib ki, BCF-in hakimlər komitəsi tərəfindən sizlərə əminliklə deyə bilərik ki, turnir ədalətli və cüdo qaydalarına uyğun keçiriləcək.

Mərasim zamanı BCF-in idman direktoru Vladimir Barta Bakı Böyük Dəbilqə turniri haqqında məlumat verib və püşkatma mərasiminə start verilib.