Xəbərlər

Üzgüçülük üzrə Azərbaycan Kubokuna start verilib

17 noyabr 2023 387

Bakı Su İdman Sarayında üzgüçülük üzrə Azərbaycan Kubokuna start verilib.

4 gün davam edəcək yarışda respublikanın müxtəlif bölgələrindən hesabında 200 xal olan 120-yə yaxın idmançı iştirak edir.

Turnirin açılış mərasimində əvvəlcə idmançıların paradı təşkil olunub. Ardınca isə Dövlət Himni səsləndirilib.

Mərasimdə Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) baş katibi Fəxri Həsənov, onun müavini Tamerlan Abdullazadə, AÜF-nin icraçı direktoru Kamran Hüseynov iştirak ediblər. T. Abdullazadə bildirib ki, yarışın təşkilində əsas məqsəd istedadlı üzgüçülərin aşkarlanması, onların inkişaf etdirilməsi və milli komandaya cəlb olunmasıdır: "Su polosu, bədii və sərbəst üzgüçülük üzrə bir çox turnirlər təşkil etmişik. Digər yarışlardan fərqli olaraq, bu dəfə yüksək nəticə göstərmiş üzgüçülər kubokla yanaşı, diplom və medallarla təltif olunacaqlar".

Şəxsi xarakter daşıyan çoxnövçülük üzrə ölkə kubokunda bütün iştirakçılar sprint və stayl məsafələrdə müxtəlif növlərdə üzməklə çoxnövçülük üzrə mübarizə aparırlar. Kubok uğrunda yarışda ilk pillənin qalibindən başqa, digər yaxşı nəticələr göstərənlər də medal və diplomlarla təltif olunacaqlar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə 4 gün davam edəcək ölkə kubokuna noyabrın 19-da yekun vurulacaq.