Xəbərlər

Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında birinci dövrəyə yekun vurulub

26 yanvar 2022 735

Voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Super Liqasının I dövrə oyunları sona çatıb. II turdan təxirə salınmış ilk qarşılaşmada “Azərreyl” və “Abşeron” komandaları Azərbaycan Voleybol Federasiyasının idman zalında üz-üzə gəliblər.

Pandemiya səbəbindən karantin qaydalarına uyğun – azarkeşsiz keçirilən görüşü, həmçinin UNEC – “Murov” oyununu Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasileva canlı izləyiblər. 

Liderlərin duelində “Abşeron” qələbə qazanıb. İlk seti 25:19 hesabı ilə aktivinə yazan komanda ikinci hissədə 25:22 hesabı ilə qalib gəlib. “Azərreyl” üçüncü hissədə də məğlubiyyətə üzülüb – 17:25. “Quru hesablı” qələbə “Abşeron”u dövrə qalibi etməklə yanaşı, vahid liderə çevirib. 

Ardınca meydana UNEC və “Murov” klubları çıxıblar. Autsayderlərin dueli kifayət qədər maraqlı alınıb. Setəset prinsipi ilə davam edən oyunun tay-brekində UNEC üstün olub. Onlar 3:2 (28:26, 9:25, 25:15, 16:25, 15:10) hesabı ilə qalib gəlməklə 3-cü yerdəki mövqeyini möhkəmlədiblər. 

Beləliklə, 3 turdan sonra xal itirməyən və set belə uduzmayan “Abşeron” 9 xala malikdir. Onlardan 3 xal geri qalan “Azərreyl” 2-ci olduğu halda, UNEC 2 xalla “üçlüy”ü qapayır. Sonuncu olan “Murov” 1 xala malikdir. 

Qeyd edək ki, klubların razılığı əsasında Super Liqanın reqlamentində dəyişiklik edilib. Yarışın qalibi nəzərdə tutulduğu kimi 6 dövrənin deyil, 4 dövrənin yekununa əsasən müəyyənləşəcək. Buna mart-aprel aylarında kubok oyunlarının təqvimə salınması səbəb olub.