Xəbərlər

Yaponiyanın Şika şəhəri Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası ilə əməkdaşlıq edəcək

21 dekabr 2018 341

Yaponiyanın İşikava prefekturasının Şika şəhərinin meri Masaru Koizuminin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Səfər çərçivəsində “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə Şika şəhərinin meri Masaru Koizumi, şəhər Assambleyasının sədri Minami Masao, şəhərin Uzunmüddətli Təhsil-Tədris Diviziyasının konsulu Oie Hideaki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov və Fərhad Hacıyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və digər rəsmilər iştirak ediblər.

Masaru Koizumi Azərbaycana səfərinin çox maraqlı və səmərəli keçdiyini qeyd edib. O, qarşıdan gələn “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinin davam etdiyini deyib. Gələcək yarışların təşviqi və ölkələr arasında idman sahəsində əlaqələrin genişləndirilməsi üçün müxtəlif layihələrin həyata keçiriləcəyi bildirilib.

Çingiz Hüseynzadə 2020-ci ildə Tokioda Olimpiya və Paralimpiya Oyunlarının uğurla keçəcəyinə əminliyini bildirərək deyib: “Milli Olimpiya Komitəsi “Tokio-2020” Olimpiya Oyunlarına hazırlaşır. İdmançılarımızın “Rio-2016” Yay Olimpiya Oyunları kimi, bu Oyunlarda da yüksək nəticələr qazanacağına inanıram”. MOK-un vitse-prezidenti belə əməkdaşlığın qurulmasının çox önəmli olduğunu deyib.

Sonra Şika şəhərinin promo çarxı təqdim olunub. Çarxda şəhərin mədəniyyəti, turizmi, adət-ənənələri əks etdirilib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev deyib: “Biz Olimpiya Oyunlarına həvəslə hazırlaşırıq. Düşünürük ki, Tokio Olimpiadasında nəticələrimiz yüksək olacaq”.

Sonra Milli Olimpiya Komitəsi və Şika şəhəri, həmçinin Azərbaycan Güləş Federasiyası və Şika şəhəri arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən MOK-a “Tokio-2020” Yay Olimpiya Oyunlarında güləş yarışında ilkin məşq düşərgəsinə namizəd olaraq Yaponiyanın İşikava əyalətinin Şika şəhərinə yüksək prioritet verilməsi, birgə layihələr həyata keçirməsi və digər məsələlər daxildir. Həmçinin Azərbaycan Güləş Federasiyası və Şika şəhəri arasında Anlaşma Memorandumuna əsasən təlim-məşq toplanışları, fikir mübadiləsi, müxtəlif yarışlar və seminarların keçirilməsi nəzərdə tutulur.