Xəbərlər

Zöhrə Ağamirova: Universiadanın mükafatçısı kimi hər kəs məndən medal gözləyirdi

02 avqust 2023 153

Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında 3 medal (halqa və gürzlərlə gümüş, halqa ilə bürünc) qazanan bədii gimnastımız Zöhrə Ağamirova bu gün Vətənə dönüb.

Gimnastımız Universiadada iştirakı ilə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüb.

- Zöhrə, ilk növbədə, səni qazandığın uğur münasibətilə təbrik edirik. XXXI Ümumdünya Yay Universiadasında çıxışını necə dəyərləndirdin?

- Yarışların ilk iki günü çıxışım istədiyim kimi alınmadı. Topla səhvlərə yol versəm də, üç alətlə finala vəsiqə əldə etdim. Final mərhələsində özümü toparladım. Finalda deyərdim ki, halqa və gürzlərlə daha yaxşı çıxış etdim.

- Yay Universiadasının ikiqat gümüş mükafatçısı kimi, yəqin ki, öz üzərində daha çox məsuliyyət hiss edirdin.

- Universiadanın mükafatçısı kimi bu dəfə də hər kəs məndən medal gözləyirdi. Bu baxımdan yarışlarda iştirak psixoloji cəhətdən mənim üçün bir qədər çətin idi. Buna baxmayaraq, həyəcanımı dəf etdim və yaxşı çıxış etməyə çalışdım.

- Çıxış proqramında dəyişikliklər var idimi?

- Bu il ölkəmizdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çıxış etdikdən sonra proqramımda məşqçilərim tərəfindən müəyyən dəyişikliklər edilmişdi. Çıxış proqramıma daha da çətin elementlər əlavə olunmuşdu.

- Qarşıda səni hansı yarışlar gözləyir?

- Qarşıda məni avqustun 23-dən 27-dək İspaniyada keçiriləcək dünya çempionatı gözləyir. Hədəfim dünya çempionatının finalına yüksələrək Olimpiadaya lisenziya əldə etməkdir.

- Bildiyimizə görə, Çin Xalq Respublikasına ilk dəfə idi ki, səfər edirdin. Universiadanın təşkili ilə bağlı təəssüratlarını bizimlə bölüşərdin.

- Bəli, bu, mənim Çinə ilk səfərim idi. Universiada yüksək səviyyədə təşkil olunmuşdu. Adaptasiya prosesi bir qədər çətin keçdi. Bir neçə gündən sonra özümü toparladım. Sevinirəm ki, uğurlu çıxış edərək medal qazanmağa müvəffəq oldum. Yarışlar zamanı mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm.