Xəbərlər

Azərbaycan Badminton Federasiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) birgə əməkdaşlığı çərçivəsində Bakı Fransız Liseyində “Badminton Uşaq Bağçası” layihəsinin təqdimat mərasimi keçirilib

26 sentyabr 2022 100

Bakı Fransız Liseyində keçirilən tədbirdə SOCAR-ın vitse-prezidenti, ABTM-in sədri Xalik Məmmədov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Badminton Federasiyasın prezidenti Taleh Ziyadov iştirak edib. Layihənin keçirilməsində  məqsəd bağça uşaqlarında erkən yaşlarda (3-6 yaş) badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək və istedadı olan uşaqları vaxtında müəyyən etməkdir. “Badminton Uşaq Bağçası” layihəsi Bakı Fransız Liseyi ilə yanaşı Azərbaycan Britaniya Kollecində də tətbiq olunacaq. Azərbaycan Badminton Federasiyası layihə çərçivəsində Bakı Fransız Liseyi və Azərbaycan Britaniya Kollecini inventar və təlimçilərlə təmin edəcək. Azərbaycan Badminton Federasiyasının dəstəyi ilə Bakı Fransız Liseyi və Azərbaycan Britaniya Kollecində yaradılan badminton bölmələrində, bütün yaş kateqoriyaları üzrə məktəblilər üçün də bu idman növü üzrə STEM və STEAM əsaslı təlim məşq prosesi interaktiv şəkildə təşkil olunacaq. Layihə çərçivəsində “Virtual Reallıq” proqramı vasitəsilə uşaqlara badmintonun idman nəzəriyyəsi təqdim olunacaq. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsilə bağça uşaqlarına öz həmyaşıdları ilə virtual formada badminton oynamaq imkanı qazandırır ki, bu da nəticə etibarı ilə uşaqlarda nəzəri və praktiki biliklər formalaşdırmış olur. Tədbirin sonunda Azərbaycan Badminton Federasiyası və Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.
Layihə Azərbaycan Milli Olimipiya Komitəsinin 30 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (ABTM) 2012-ci ildə, beynəlxalq təhsilin Azərbaycanda inteqrasyasına dəstək üçün SOCAR tərəfindən təsis olunmuş (QHT) qeyri-hökümət təşkilatıdır. Təşkilatın Bakı şəhərində fəaliyyət göstərən iki beynəlxalq məktəbi, Bakı Fransız Liseyi Təhsil Kompleksi və Azərbaycan Britanya Koleci təhsil komleksi 10 ilə yaxındır ki, çox uğurla fəaliyyət göstərir. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Fransız Liseyinin təməli 2011-ci ilin 7 oktyabrında imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulmuşdur. Lisey 2013-cü ilin sentyabrından fəaliyyət göstərir. Bakı Franslz Liseyi bağça, ibtidai məktəb, kollec və liseydən ibarətdir.  Burada məktəbəqədər və məktəb yaşlı 202, o cümlədən 14 millətdən olan 85 xarici uşaq təhsil alır.

Azərbaycan Britaniya Kolleci 2012-ci ildən fəaliyyətə başlamış, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 730 şagirdə xidmət göstərməkdədir.