Xəbərlər

Azərbaycan millisinin böyük məşqçisi: Lisenziya turnirində gərginlik böyükdür, çətin mübarizə gedir

11 mart 2024 107

Lisenziya turnirində gərginlik böyükdür, çətin mübarizə gedir. Bugünkü döyüşlərdə qələbələr qazanılsa, lisenziyamız olacaq.

 

Bunu açıqlamasında kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirini dəyərləndirərkən deyib.

 

Mütəxəssis yığma üzvlərinin çıxışını dəyərləndirib: “Yarışda iştirak edənlərin hər biri olduqca güclü rəqiblərdir. Dünya və Asiya çempionu olan Qazaxıstan boksçuları belə buradadırlar. Onlardan çox az idmançı lisenziya qazanıblar. Lisenziya uğrunda gərgin mübarizə davam edir. ABŞ təmsilçiləri inamlı çıxış edir. Azərbaycanı turnirdə 5 kişi, 4 qadın boksçu təmsil edirdi. Kişi boksçular pis çıxış etmədilər. Uduzduğumuz qarşılaşmalar baxsaq, Tayfur Əliyevin döyüşündə hakim qərarından narazı qaldıq. Ümid Rüstəmovun çıxışı isə bizi qane etmədi. O, tacikistanlı boksçuya qarşı keçirilən sonuncu döyüşdə özünü doğrultmalı idi".

 

N.Abdullayev 1/4 finalda döyüşəcək boksçuların şansı barədə danışıb: "Sərxan Əliyev dünya və Asiya çempionu olan qazaxıstanlı idmançı ilə rinqə çıxacaq. Nicat Hüseynov isə ABŞ-dən olan rəqibinə qarşı mübarizə aparacaq. Bu rəqibi yaxşı tanıyırıq. Ümid edirəm ki, hər iki boksçu layiqincə mübarizə aparacaq. Sərxan Əliyev qaşından xəsarət alsa da, mübarizəni davam etdirəcək. Hər iki boksçumuz 1/8 finalda Ermənistan təmsilçilərinə qalib gəliblər. Çox istərdim ki, 3 boksçumuz lisenziya əldə etsin. Amma 2 nəfər də qazansa, bunu qənaətbəxş nəticə hesab edəcəyik. Çünki turnirdə gərginlik böyükdür. Bütün iştirakçı ölkələr lisenziya qazanmaq üçün çalışırlar”.

 

Böyük məşqçi millinin gələcək planlarına da toxunub: “Apreldə bizi lisenziya xarakterli daha bir turnir gözləyir. Martın 23-də isə Bakıda yarışın təşkili planlaşdırılır. Daha az döyüşə çıxan boksçularımızın orada iştirakı gözlənilir”.