Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
11 noyabr 2026 - 23:14 31
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının 12-ci yarış gününə yekun vurulub.
Günü bir gümüş mükafatla başa vuran komandamız ümumi medal siyahısında ötən günlə müqayisədə bir pillə geriləyib. Hazırda komandamız 3 qızıl və 2 gümüş medalla 12-ci pillədə qərarlaşır.
Medal siyahısının ilk üç pilləsində isə dəyişiklik olmayıb. Ötən günlərdə olduğu kimi Çin Xalq Respublikasının komandası siyahıya başçılıq edir. Şərqi asiyalıların aktivində 30 (16 qızıl, 8 gümüş, 6 bürünc) medal var. "Gündoğar ölkə" təmsilçisi Yaponiya komandası isə 9 qızıl, 8 gümüş, 9 bürünc medalla ikincidir. Günü bir bürünc medalla başa vuran Rusiya komandası isə üçüncü pillədə yer alır. "Şimal qonşular"ımızın aktivində 8 qızıl, 4 gümüş və 2 bürünc medal var. Misir komandası 12 (6 qızıl, 1 gümüş, 5 bürünc) medalla dördüncü, Efiopiya yığması isə 8 (5 qızıl, 3 gümüş)medalla beşincidir.
Ümumilikdə 95 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 75-i qızıl medal əldə edib.
Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) və taekvondoçumuz Adil Kazımlı (-73 kq) isə gümüş medallara sahib çıxıb.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.
Bənzər xəbərlər
Gülər Hüseynova Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan ... Ətraflı
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
Azərbaycan taekvondoçusu Adil Kazımlı (-73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay ... Ətraflı