Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23 oktyabr 2026 - 15:34 33
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək idmançılar və məşqçilərlə maarifləndirici görüş təşkil olunub.
31 oktyabr - 13 noyabr tarixlərində keçiriləcək Dakar-2026-ya həsr olunan tədbirdə MOK-un xarici əlaqələr idarəsinin müdiri, Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov, MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, MOK-un təhlükəsiz idman üzrə ekspertləri Vaqif Əliyev, Ayan Xankişiyeva, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, qurumun Elm, Tibb və Təhsil şöbəsinin müdiri Səmra Mirzəyeva, Olimpiya komandasının həkimi Ruslan Şərifov, eləcə də Oyunlara yollanacaq idmançılar və məşqçilər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov yeniyetmə idmançılara Oyunlar zamanı Olimpiya kəndində yerləşmə, yaşayış, qidalanma və nəqliyyat şəraiti barədə ətraflı məlumat verib. MOK rəsmisi yarana biləcək problemlərin vaxtında aidiyyəti şəxslərə çatdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin yarış məkanlarına məsafələrin idman növlərinə uyğun dəyişdiyini qeyd edərək, idmançıların rahatlığının təmin olunması baxımından nəqliyyat məsələlərinin əhəmiyyətinə toxunub.
Olimpiya komandasının həkimi Ruslan Şərifov isə idmançıların sağlamlığının qorunması və tibbi təminat məsələlərindən danışıb. O, hər hansı sağlamlıq problemi yarandıqda bunun dərhal tibb heyətinə bildirilməsinin, eləcə də həkim tövsiyələrinə əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra MOK-un təhlükəsiz idman üzrə ekspertləri Vaqif Əliyev və Ayan Xankişiyeva yeniyetmə idmançılara təhlükəsiz idman prinsipləri barədə məlumat veriblər. Onlar təhlükəsiz idman mühitinin zorakılığın və qısnamanın bütün formalarından uzaq, ədalət və bərabərlik prinsiplərinə əsaslanan şərait olduğunu bildiriblər. Ekspertlər idmançıların Oyunlar zamanı davranış qaydalarına riayət etmələrinin, ev sahibi ölkənin mədəniyyətinə və adət-ənənələrinə hörmətlə yanaşmalarının vacibliyini vurğulayıblar.
MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva çıxışında idmançı və nümayəndə heyəti üzvlərini sosial mediadan istifadə zamanı etik qaydalara riayət etməyə, məxfi və dəqiqləşdirilməmiş məlumatları paylaşmamağa, həmçinin Azərbaycanı və Milli Olimpiya Komitəsini layiqincə təmsil etməyə çağırıb. O, komanda ruhunun qorunmasının, idmançıların bir-birinə dəstək göstərməsinin vacibliyini vurğulayıb, eyni zamanda MOK-un kommunikasiya komandasının sosial media üçün keyfiyyətli kontentin hazırlanmasında idmançılara dəstək göstərməyə hazır olduğunu bildirib.
Tədbirdə çıxış edən AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə, qurumun Elm, Tibb və Təhsil şöbəsinin müdiri Səmra Mirzəyeva Dakar-2026-da mübarizə aparacaq idmançıları antidipinq qaydaları ilə bağlı təlimatlandırıb və idmançılara uğurlar arzulayıb.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
Oktyabrın 22-də Azərbaycan İdman Akademiyasının akt zalında güləş üzrə SSRİ ... Ətraflı









