Xəbərlər

Yığma üzvü: Azərbaycan xalqı bizə inansın, Olimpiadaya vəsiqə qazanmaq üçün hər şey edəcəyik

11 mart 2024 98

“Mənim üçün hansı rəqibə qarşı oynamağın heç bir fərqi yoxdur”.

 

Bu sözləri açıqlamasında qadın basketbolçulardan ibarət 3x3 Azərbaycan millisinin üzvü Dina Ulyanova yığmanın “Paris-2024” Yay Olimpiya Oyunları üçün mübarizə aparacağı təsnifat oyunları barədə danışarkən deyib.

 

35 yaşlı basketbolçu Olimpiadaya vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Hər bir oyuna ciddi hazırlaşacağıq. İlk təsnifat mərhələsində Niderland, Monqolustan və Çili komandaları ilə qarşılaşacağıq. Bütün rəqiblər güclüdür. Hər qrupdan iki kollektiv yarımfinala yüksələcək və finalda qalib olan yığma “Paris-2024”ə vəsiqə əldə edəcək. İndi fikrimizi Honq-Konqda baş tutacaq oyunlara yönəltmişik”.

 

O, komandaya inandığı söyləyib: “Biz qalib gəlmək üçün hər şey edəcəyik. Azərbaycan xalqı bizə inansın”.

 

Qeyd edək ki, ilk təsnifat oyunları aprelin 12-14-də keçiriləcək. Səkkiz komanda arasında təşkil olunacaq ilk təsnifat matçlarında Azərbaycan millisi çempion olarsa, Olimpiadaya vəsiqəni təmin edəcək və artıq ikinci təsnifat oyunlarında iştirak etməyəcək.